Bakı. Trend:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, verilişin qonağı Fransada Qərbi Azərbaycan Əsilli Şəxslərin Hüquqlarının Müdafiəsi Assosiasiyasının rəhbəri, politoloq, hüquqşünas Zaur Sadıqbəyli olub.
Z.Sadıqbəyli Fransada Qərbi Azərbaycan İcmasının nümayəndəliyinin açılışının asan olmadığını, prosesin yubadıldığını və qərarın ən üst səviyyədə qəbul olunduğunu qeyd edib.
"Bu gün bu proseslər başa çatıb və biz artıq Fransada ilk aksiyamıza hazırlaşırıq. İstənilən aksiyamız daxilə deyil, xaricə yönələcək. Bu səbəbdən artıq dəfələrlə bildirmişəm ki, Avropada və Fransa kimi bir sıra ölkələrdə çox dərindən və ciddi çalışmalıyıq", - o deyib.
Bundan başqa, Z.Sadıqbəylinin sözlərinə görə, Azərbaycan Fransanın media sahəsinə yol tapmalı və daha çox informasiya yaymalıdır. Fransız dilindəki resursları inkişaf etdirmək, o cümlədən, Frankofoniyanı gücləndirmək Azərbaycan üçün çox faydalı olardı.
"Frankofoniya Azərbaycanda fərqli səviyyəyə keçsə, birincisi, biz Frankofoniyanın üzvü ola, ikincisi isə Fransada əlavə nüfuz qazana bilərik", - Z.Sadıqbəyli deyib.
Trend verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:
(Tərcümə: Rəna Əbdürəhmanova)