...

Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsi beynəlxalq simpoziumda qaldırılıb

Siyasət Materials 26 Dekabr 2023 19:20 (UTC +04:00)
Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsi beynəlxalq simpoziumda qaldırılıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Böyük Millət Məclisi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən Ankarada keçirilən “Deportasiya və onun cəmiyyətə, xüsusən qadınlara psixoloji təsirləri” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə təqdimatla çıxışı zamanı Ombudsman tarixin müxtəlif mərhələlərində Ermənistanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti, həmin ərazilərdə azərbaycanlılara məxsus tarixi-mədəni irsin məhv edilməsi, qəbiristanlıqların dağıdılması, ermənilərin həmin bölgələrdə məskunlaşdırılması və yer adlarının dəyişdirilməsi kimi faktlar barədə ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycan türklərinin doğma torpaqlarından deportasiya edilməsindən 75 il ötməsinə baxmayaraq, Ermənistanda bugünədək Azərbaycana qarşı nifrət siyasəti və dözümsüz münasibətin dəstəkləndiyi qeyd olunub.

Ombudsman bildirib ki, Ermənistan müxtəlif dövrlərdə Azərbaycan türklərinə qarşı etnik təmizləmə, deportasiya, soyqırımı siyasəti həyata keçirmiş, yüz minlərlə dinc sakini qətlə yetirmiş, türksüz Ermənistan ideologiyasını gerçəkləşdirmək üçün ardıcıl addımlar atmışdır. Qadınlar və uşaqların da bu siyasətin ciddi təsirlərinə məruz qaldığını qeyd edən S.Əliyeva Ermənistanın bu cinayətlərinin məhz etnik nifrətə əsaslandığını bildirərək, Ombudsman təsisatı tərəfindən azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair iki hesabatın hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara ünvanlandığını diqqətə çatdırıb.

Səbinə Əıieyva 44 günlük Vətən müharibəsi və bu il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, həmin ərazilərin separatçı terror qruplaşmalarından təmizləndiyini, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün şərait yarandığını bildirib.

Bununla yanaşı, Türkiyənin müharibə və postmüharibə dövründə xalqımıza mənəvi dəstəyinin əhəmiyyətinə toxunan S.Əliyeva Türkiyə Respublikası Baş Ombudsmanının Ermənistan tərəfindən mülki əhalinin hədəfə alındığı bölgələrimizdə, habelə işğal dövründə dağıdılmış ərazilərimizdə faktaraşdırıcı missiyalar həyata keçirdiyini xatırladıb.

Ombudsman insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə qarşı beynəlxalq təşkilatlar tərəfindən laqeyd münasibət göstərilməsi və ikili standartlarla yanaşılmasının sülh quruculuğuna mane olduğunu, cəzasızlıq mühitinin bu cür halların yenidən təkrarlanmasına gətirib çıxardığını nəzərə çatdırıb.

Yekunda S.Əliyeva deportasiyaya məruz qalmış həmin soydaşlarımızın öz yurdlarına geri qayıtmasının təmini üçün Ermənistan tərəfinin şərait yaratmalı olduğunu və onlara dəymiş zərərlə bağlı təzminat ödənilməli olduğunu bildirib.

Tədbir zamanı, həmçinin Ombudsman Aparatı tərəfindən hazırlanmış azərbaycanlılara qarşı nifrət siyasətinə dair videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti