Bakı. Trend:
Fransanın biabırçı xarici siyasətini görürük. Yalnız Azərbaycanda yox, bir çox ölkələrdə Fransa diplomatlarının ölkədən qovulması, eyni zamanda, ölkənin daxili işlərinə qarışmaq cəhdləri iyiriminci əsrin neoimperializm siyasətinin bariz nümunəsidir.
Bu barədə Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan öz tərəfdaşları ilə birlikdə bir neçə dəfə Fransa neoimperializminə qarşı tədbirlərdə təşkilatçı və iştirakçı olub.
"Çox təəssüflər olsun ki, biz neoimperializimdən danışanda ilk növbədə məhz Fransanın adını çəkirik. Dünən Fransa səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması bir daha onu göstərdi ki, Fransa Cənubi Qafqazda rahat durmaq fikrində deyil. Ölkəyə müdaxilə edərək, ayrı-ayrı yerlərdə sarsılan nüfuzunu Cənubi Qafqaz siyasəti və Paşinyanın köməyi ilə sığortalamaq istəyir.
Fransa səfirliyinin iki əməkdaşının arzuolunmaz şəxs elan edilməsi bir daha onu göstərir ki, hər şey Azərbaycanın nəzarətindədir. Azərbaycan təhlükəsizlik xidməti tərəfindən mütəmadi olaraq işlər aparılır. Heç kəsin sabitliyi sarsıtmaq cəhdləri cavabsız qalmayacaq. Fransa kimi ölkələr bilməlidir ki, Azərbaycanı xaotik dövlətə çevirə bilməyəcəklər. Azərbaycan öz gücünü göstərib. Regionda Azərbaycanın liderliyi ilə yeni geosiyasi və geoiqtisadi konfiqurasiya qurulur və burada Fransa və onun kimi ölkələr üçün yer olmayacaq", - deyə o bildirib.