...

İrəvanın iştahı səngimir: ermənilər Bakıdan 1 trilyon dollar "istəyir"

Siyasət Analytics 27 Fevral 2024 10:24 (UTC +04:00)
İrəvanın iştahı səngimir: ermənilər Bakıdan 1  trilyon dollar "istəyir"
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

"Tarixdə elə an olubmu ki, türk bizdən nəyisə alsın, sonra qaytarsın?"

ABŞ-dəki erməni icmasının diaspor fəallarından olan Ara Harutyunyan "Dünya birliyinə açıq məktub" adlandırdığı müraciəti yayıb.

Müraciəti sosial şəbəkələrdə təkrarən paylaşan, əslən Xankəndidən olan Vardges Ovyan da "məsələnin həddən ziyadə ciddi" olduğunu vurğulayıb.

Nədir bu "ciddi məsələ"?

Sabiq "Dağlıq Qarabağ" muxtar vilayətini və 30 il erməni işğalında olmuş Azərbaycan ərazilərini "İsveçrəyə tam bərabər məkan" adlandıran ermənilər Azərbaycanın onlara, yəni qarabağlı ermənilərə tam 1 trilyon dollar (!) təzminat ödəməli olduğunu bəyan ediblər.

Ötən ilin sentyabrın sonlarında Azərbaycanı könüllü tərk edərək, Ermənistana yollannmış qarabağlı ermənilərin "dəqiq sayı"nı artıq 120 minə çatdıran müraciət, yəni "açıq məktub" müəllifləri bəyan ediblər: "Bizə Azərbaycan divan tutub və qarabağlı ermənilər indi əsl cəhənnəm yaşayırlar. Belə faciənin bir daha təkrarlanmaması, bizə dəymiş ziyanın ödənməsi üçün Azərbaycanın hər qarabağlı erməniyə 1 milyon dollar təzminat ödəməsini təmin edin! Bu pul bizə Ermənistanı tərk edərək, dünyanın istənilən bir məkanında yeni həyata başlamaq üçün gərəkdir".

Müraciət sosial şəbəkələrdə yayılandan sonra qarabağlı ermənilərə bu "sənəd"i imzalamaq çağırışı edib və artıq yüzlərlə erməni "açıq məktub"la tam razılaşaraq yazılanları dəstəklədiklərini bildiriblər.

Gerçəkdən də, çox maraqlı və eyni zamanda, ibrətamiz bir mətndir:

Əvvəla, bəlli olur ki, ermənilərin "Qarabağ bizimdir!", "Ölərik, amma Qarabağı vermərik!", "Qarabağlı ermənilər müstəqildir və əbədi olaraq müstəqil olacaqlar!" tipli bravur bəyanatlar zahirən çoxsaylı, qətiyyətli və gur səslənirdisə də, mahiyyət etibarilə söz yığınından ibarət olub.

Ermənilərə xas olan və əsrlərdən bəri dəyişməz qalan nihilizm, kosmopolitzm, cəlayi-vətənçilik onların ruhunu tərk etməyib.

"Vətən yaxşı yaşadığım yerdir" düşüncəsi ermənilərin yaşam fəlsəfəsinin və təfəkkürünün ayrılmaz hissəsi, bu etnik qrupun genetik kodlarında yer alaraq aksioma çevrilmiş təsəvvürdür.

"Dünyanın istənilən bir məkanında yeni həyata başlamaq üçün" ifadəsi bir daha bariz şəkildə sübut edir ki, Azərbaycanı könüllü tərk edərək, Ermənistana yollanmış qarabağlı ermənilərin tam əksəriyyəti bundan sonrakı həyatlarını "ana vətən" dedikləri ərazi ilə, yəni Ermənistanla bağlamaq istəmirlər. Onlar özlərini Ermənstanda həyat sürərək, burada dəfn ediləcək insanlar saymadıqlarından üçüncü ölkələrə, imkan olarsa, Avropaya, Avstraliyaya, ABŞ-yə və ya Cənubi Amerikaya mühacirət etmək istəyirlər. İmkanları məhdud olan qarabağlı ermənilərsə Rusiyaya üz tutmaq fikrindədir. Ermənistanda qalmaq və bu süni yaradılmış ölkədə yaşamaq istəyənlərin toplam sayı elə İrəvandakı rəsmi qurumlarla yanaşı, qeyri-hökumət təşkilatlarının statistikalarına və hesabatlarına görə, 10 faizdən artıq deyil.

Qarabağlı ermənilər Bakının onların hər birinə "təzminat" qismində 1 milyon dollar verməsini istəyirlər. Tamam, bir anlıq fərz edək ki, bu sarsaq və idiotik tələb reallaşır. Onda beynəlxalq hüquqa, məntiqə və ədalətə uyğun olaraq Ermənistan da 1988-ci ildən bəri doğma yurd-yuvalarından didərgin saldığı azərbaycanlılara təzminat ödəməlidir. Ermənilərin yürütdükləri siyasət, həyata keçirdikləri kütləvi qətllər və işgəncələr nəticəsində Ermənistanı 300 mindən artıq soydaşımızın tərk etmək məcburiyyətində qaldığını və həmin azərbaycanlılardan hər birinə 1 milyon dollar ödənilməsinin gərəkdiyini nəzərə alsaq, məbləğ ən azı 300 milyon dollar edir.

Bundan başqa, əzəli və tarixi Azərbaycan əraziləri olmuş, indi müasir Ermənistanın əyalətləri olan torpaqlarımızın ümumi sahəsi Qarabağa bərabərdir, hətta daha çoxdur. Belədirsə, İrəvanın ödəmək zorunda qaldığı təzminat 2 trilyon üstəgəl 300 milyon, yəni 2,3 trilyon dollar etməlidir.

Rəsmi İrəvan "onda Azərbaycan da 1988-1991-ci illərdə ölkəni tərk etmiş ermənilərə görə təzminat verməlidir" deyərsə, "Bəs Bakı və Sumqayıt erməniləri necə olsun?" tipli nimdaş, əsassız iddiasını səsləndirərsə, tələbimizin konfiqurasiyasını dəyişə bilərik.

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində 700 minə yaxın soydaşımız ev-eşiyindən didərgin salınaraq, məcburi köçkünlərə çevrilmişdilər.

Onların hər birinə - qarabağlı ermənilərin kalkulyasiyasına görə - 1 milyon dollar məbləğində təzminat ödənməlidirsə, onda İrəvan Bakıya minimum 700 milyon dollar verməlidir.

Əraziləri də nəzərə alsaq, həmin məbləğ 2,7 trilyon dollara çatır.

Təbii, bütün bunlar qarabağlı ermənilərin "dünyaya açıq məktub"u əsasında aparılan hesablamalardır.

Lakin problemə ciddi nəzər salsaq, Ermənistanınn Azərbaycana ödəməli olduğu təzminat, yəni reparasiyalar Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesinin tərkib hissəsi ola bilər.

Halbuki Bakı və İrəvan arasında sülh sazişinin imzalanması prosesi hələlik dar çərçivədədir, bir əsas mövzudan ibarətdir. Sonradan prosesin müstəvisinin genişlənməsi, oraya Zəngəzur dəhlizi layihəsinin, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı bəndin götürülməsi, şərti dövlət sərhədinin demarkasiya və delimitasiyasının, kommunikasiyaların qarşılıqlı şəkildə açılmasının, erməni işğalında olan 8 kəndimizin azad edilməsinin və təzminat ödənişlərinin daxil edilməsi labüddür.

Təbii, prioritet məsələ sülh sazişi olduğundan sadalanan məsələlər, ələlxüsus da Ermənistan Konstitusiyasına dəyişikliklər və Zəngəzur dəhlizi layihəsi bir qədər sonraya saxlanaraq ertələnə bilər. Amma ermənilər "Bakı bizə təzminat ödəməlidir" tələblərini səsləndirməyə davam etsələr, Ermənistanınn Azərbaycana ödəməli olduğu reparasiyalaro mövzusunu rəsmi Bakı daha aktiv, daha tez səsləndirə bilər.

Erməni işğalı nəticəsində ölkəmizə dəymiş ziyan hazırda hesablanır, itkilərin monitorinqi aparılır.

İrəvan reparasiyalar mövzusundan yayına bilməz, çünki 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda N.Paşinyan Azərbaycani ərazisində Ermənistan silahlı qüvvələrinin mövcudluğu faktını təsdiqləyib.

Qarabağdakı separatçıların 1989-cu ildə qəbul etdikləri sənədin sonradan Ermənistanın Müstəqillik Bəyannaməsində və Konstitusiyasının preambulasında əks olunması da İrəvanın Bakıya qarşı ərazi iddiaları ilə yanaşı, Qarabağı Ermənistana birləşdirməklə bağlı illüziyalarının rəsmi sübutudur.

Fransanın Ermənistana hamilik etməsi, baş nazir Nikol Paşinyanın məhz Fransa prezidenti Emmanuel Makrona güvənərək, “Azərbaycanla sülh sazişi hazırda mümkün təsir bağışlamır” bəyanatı da Bakını danışıqlar prosesində yeni şərtlər irəli sürməyə sövq edə bilər.

Daha konkret olsaq, Ermənistanın təzminat ödəmək məcburiyyəti ilə bağlı şərt sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesinindən sonrakı yox, ilkin mərhələyə çevrilə bilər.

Ermənistan rəhbərliyinin danışıqları sürəkli olaraq uzatmağa çalışdığını və ermənilərin Azərbaycana qarşı təzminat fikrindən əl çəkməldiklərini nəzərə alsaq, reparasiyalar məsələsini hüquqi müstəviyə çıxarmağa, beynəlxalq səviyyədə İrəvana qarşı iddialar qaldırmaqda fayda var.

Belədə Ermənistanla yanaşı, ermənilərin Qərbdəki havadarları da cavab vermək məcburiyyəti ilə üzləşməlidir.

Xəbər lenti

Xəbər lenti