...

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - Vüqar Rəhimzadə

Siyasət Materials 17 Aprel 2024 18:08 (UTC +04:00)
Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - Vüqar Rəhimzadə
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri aydındır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxilə etmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir. Ölkəmizin istər 30 il davam edən işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə əksər dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qaldığı inkaredilməz reallıqdır. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb olan amillərdən biri də məhz əksər dünya güclərinin, xüsusilə keçmiş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməyi öhdəsinə götürən, artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili yanaşmaları oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. “Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!”. Prezident İlham Əliyevin bu fikirləri digər dövlətlərə ədalət, beynəlxalq hüquq “dərsi” keçməyə cəhd göstərən, amma reallıqda özü bu prinsiplərdən xəbərsiz olan Fransa kimi müstəmləkəçilik niyyətindən əl çəkmək istəməyən dövlətlərə tutarlı cavabdır.

Bu sözləri Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.

O qeyd edib ki, ermənipərəst mövqeyini atdığı hər bir addımı ilə təsdiqləyən rəsmi Paris tarixi Zəfərimizdən sonra erməni sevgisini tamamilə açıq müstəviyə keçirdi. Fransa İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb. BMT-də Azərbaycana qarşı qətnamələr qəbul etdirmək cəhdləri, Avropa İttifaqında Azərbaycan əleyhinə apardığı kampaniya, Avropa Parlamentində ölkəmiz əleyhinə qətnamələrin qəbulunda aktiv iştirak etməsi və sair kimi sıralanması bitməyən addımları bu dövlətin barışmaz anti-Azərbaycan mövqeyini nümayiş etdirir. Fransa nə 30 illik işğal dövründə münaqişənin həlli istiqamətində addım atdı, nə də postmünaqişə dövründə sülh müqaviləsinin imzalanmasına səylər göstərir. Fransanın Ermənistanı yenidən silahlandırması, yeni münaqişə ocaqları yaratmaq cəhdləri günümüzün reallıqları sırasındadır. Bu dövlət utanmadan bunları inkar edib Azərbaycanı günahlandırmaqla özünə qarşı inamsızlığı daha da artırır, ölkələr arasında əlaqələrin inkişafında əsas faktor olan etimad mühitini tamamilə sıfıra endirir. Təbii ki, Makron hakimiyyətinin xəbis niyyəti qeyd etdiklərimizlə bitmir. Belə ki, Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın abidəsi ilə bağlı hadisələr rəsmi Parisin ölkəmiz əleyhinə apardığı kampaniyanın tərkib hissələridir. Reallıq budur ki, bugünkü Fransanın işğalçı Ermənistanla heç bir fərqi yoxdur. Bu kimi addımlar hər iki dövləti oxşar və ortaq maraqların birləşdirdiyini bir daha təsdiqləyir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Laçın yolundakı ekoaksiya zamanı Fransanın “blokada şousu”, Yelisey sarayının Ermənistanı silahlandırması da özündə bütün məqamları açıqlayır. Azərbaycanın Ermənistana sülh təklifini böyük narahatlıqla qarşılayan rəsmi Paris atdığı bütün addımlarında sülh müqaviləsinin imzalanmasının əleyhinə olduğunu təsdiqləyir. Aprelin 5-də Fransanın ssenarisi əsasında təşkil edilən, açıq-aşkar regionda sabitliyə, təhlükəsizliyə qarşı olan ABŞ-Avropa İttifaqı-Ermənistan görüşündə belə Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Bunları görməzdən gələn rəsmi Paris diqqəti özünün yaratdığı gərginliklərdən yayındırmaq üçün Azərbaycandakı səfirini geri çağırmağı bir çıxış yolu hesab etdi. Münasibətlərin pozulmasına yönəlmiş bu kimi addımlar rəsmi Bakı tərəfindən yox, Yelisey sarayı tərəfindən atılıb. Bütün bunlardan sonra Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür.

“Əvvəldə də vurğuladığım kimi, Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır. Hansısa ölkə bunun əksini edirsə, bu o ölkənin öz problemidir. Fransa Bakıdakı səfirinin geri çağırılmasını lazım bilirsə, Azərbaycan da eyni addımı ata bilər.

Xarici İşlər Nazirliyinin bəyanatında da Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsinin tam əsassızlığı faktlarla diqqətə çatdırıldı.

Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan bütün dövlətlərdən, beynəlxalq təşkilatlardan da özünə qarşı bu cür yanaşmanı tələb edir. Maraqların beynəlxalq hüququ üstələməsi münaqişələrin dərinləşməsinə, gərginliklərin artmasına səbəb olur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının maraqlarına uyğun gələndə 1-2 saatın içində icrasına nail olan bəzi dünya gücləri Azərbaycana gəldikdə işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə mane olacağını bildirməklə Ermənistana dəstəklərini göstərdilər. Təbii ki, vasitəçi neytral mövqe nümayiş etdirməlidir. Bütün zamanlarda neytrallığı qorumayıb birtərəfli mövqeyi ilə diqqətdə olan Fransa kimi neokolonializm siyasəti həyata keçirən dövlətin bu gün Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi ən azı təəccüb doğurur”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti