Zəngilan. Trend:
1991-ci ildən bugünədək Azərbaycanda ümumilikdə 3440 nəfər mina qurbanı qeydiyyatdan keçib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışında deyib.
"2020-ci ilin noyabrından 2024-cü il mayın 30-dək 361 Azərbaycan vətəndaşı minalardan zərər çəkib. Bunlardan 128-i mülki, 165-ü isə hərbçi olmaqla, 293 nəfər yaralanıb. 53-ü mülki, 15-i hərbçi olmaqla, 68 nəfər isə həlak olub", - deyə o bildirib.
V.Süleymanov əlavə edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizin 10 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənib, üstəlik, qiymətləndirmələrə görə, işğal dövründə 1,5 milyona qədər yerüstü mina quraşdırılıb.
Onun sözlərinə görə, bugünədək Azərbaycanın 1 385 kvadrat kilometr ərazisi minalardan təmizlənib.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.
(Tərcümə: Rəna Əbdürəhmanova)