...

IOTA təşkilatına üzvlükdən Azərbaycan nə əldə edəcək?

Siyasət Materials 22 İyun 2024 12:46 (UTC +04:00)
IOTA təşkilatına üzvlükdən Azərbaycan nə əldə edəcək?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) 43 Avropa ölkəsinin birləşdiyi və vergi sahəsində ixtisaslaşmış mühüm beynəlxalq təsisatdır. IOTA üzvlərinə vergi inzibatçılığının praktiki aspektləri ilə bağlı mühüm məsələlər, yeni təcrübələr və vergi inzibatçılığı sahəsində tendensiyalar barədə məlumat və təcrübə mübadiləsinin aparılması məqsədilə əməkdaşlıq platformasını təqdim edir.Dövlət Vergi Xidməti 2002-ci ildən etibarən IOTA-nın tam hüquqlu üzvüdür, indiyədək 3 dəfə İOTA-nın İcraiyyə Şurasında təmsil olunub. Azərbaycan MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına seçilən ilk ölkə olub.

Bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Günel Bəhramqızı deyib.

O bildirib ki, beləliklə, Baş Assambleya çərçivəsində Azərbaycan nümayəndəsinin IOTA prezidentliyinə seçilməsi əslində uzun sürən bir prosesdən sonra irəli gəlib.

“Bu isə təkcə DVX-nın deyil, ölkəmizə beynəlxalq arenada artan nüfuz və etimadın göstəricisidir. İOTA üzvlərinin Azərbaycana göstərdiyi etimad üzərimizə böyük məsuliyyət, eyni zamanda böyük iş həcmi qoyur. Təşkilata prezidentlik həm də müəyyən öhdəliklərin yaranması deməkdir.

Bizim üçün bu platforma ilk növbədə mütərəqqi təcrübələrin öyrənilməsi, ən yaxşı təcrübələrin ölkəmizin milli vergi sistemində tətbiqi baxımından əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycan da öz növbəsində, əldə etdiyi bir sıra nailiyyətləri təşkilat üzvləri ilə paylaşmağa, informasiya mübadiləsinə çalışır”, - deyə o qeyd edib.

G.Bəhramqızı bildirib ki, Dövlət Vergi Xidmətinin bir çox əməkdaşı IOTA tərəfindən təşkil olunan seminar, forum və digər tədbirlərdə həm iştirakçı, həm də ekspert qismində fəal iştirak edir, IOTA-nın müxtəlif işçi və test qruplarında fəal şəkildə təmsil olunurlar.

“Qeyd etmək lazımdır ki, İOTA vergi sahəsində əməkdaşlıq üçün bir sıra səmərəli alətlərə malikdir. Buna vergi administrasiyaları barədə məlumatların bir bazada toplanmasına və müqayisəli təhlilinə imkan verən ISORA layihəsini, vergitutma sahəsində beynəlxalq təcrübənin ətraflı öyrənilməsi, eləcə də vergi administrasiyası əməkdaşlarının müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsi baxımından VİTARA layihəsini, qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan “Texniki sorğular” alətini misal göstərmək olar ki, bunların da müstəsna əhəmiyyəti var”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti