Bakı. Trend:
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Trend xəbər verir ki, iclasda 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Maraqlı subyektlərin də qatıldığı iclasda öncə müraciətlərlə bağlı ərizəçilərin özlərinin bilavasitə iştirakı ilə aparılan hərtərəfli, obyektiv və şəffaf araşdırma prosesi barədə ətraflı məlumat verilib.
Ardınca Komissiya üzvlərinin geniş müzakirəsinin nəticəsi olaraq, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Mərkəzi Seçki Komissiyasının iclasında, həmçinin cari məsələlərə də baxılıb.
xxx
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Trend xəbər verir ki, iclasda Komissiyanın 11 sentyabr 2024-cü il tarixli iclasının protokolunun təsdiq edilməsi, MSK-ya daxil olan müraciətlərlə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.