...

“Siyasi məhbus” biznesindən kim nə qədər qazanır?.. “Human Rights Watch”un fəaliyyəti cavab üçün istiqamət verir

Siyasət Materials 11 Oktyabr 2024 10:14 (UTC +04:00)
“Siyasi məhbus” biznesindən kim nə qədər qazanır?.. “Human Rights Watch”un fəaliyyəti cavab üçün istiqamət verir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Siyasi məhbus” mövzusunda əvvəl Azərbaycan uzun illər ərzində “siyasi mühacirlər”in yüksək kəmiyyətinə görə tənqid edilib. İddia olunub ki, guya ölkəmizdə “siyasi fəaliyyət imkanları məhduddur”, “müxalif fikir daşıyıcıları təqib olunurlar” və bu səbəbdən mühacirətə üz tuturlar.

Bu ittihamlar kontekstində “radikal müxalifət” düşərgəsiylə beynəlxalq “hüquq müdafiə təşkilatları”nın mövqeyi üst-üstə düşüb. AXCP, “Musavat” partiyaları “Human Rights Watch”, “Amnesty International” kimi təşkilatlarla oxşar mövqe sərgiləyiblər.

Almaniyada baş verən insident isə Azərbaycanda “siyasi mühacir” probleminin süni şəkildə qabardıldığı faktını ortaya qoyub. 2019-cu il noybarın 13-də Almaniya polisi ölkənin 6 əyalətində reyd keçirib, 38 mənzil və ofisdə axtarışlar aparıb. Polisin keçirdiyi reyd nəticəsində “siyasi mühacir”lərə aid yüzlərlə saxta sənəd ələ keçirilib. Sənəd saxtakarlığı ilə məşğul olan 7 nəfər Azərbaycanlı saxlanılıb. 10-larla “mühacir” Almaniyadan deportasiya edilib. Müəyyən edilib ki, Azərbaycanda süni əsaslarla “siyasi mühacir” yaratmaq və onları daşıyıb Almaniyada yerləşdirmək üçün mütəşəkkil dəstə fəaliyyət göstərib.

Almaniya mediası bu məsələni şərh edərkən, Azərbaycandakı müxtəlifət partiyaları tərəfindən “mühacirlərə” verilmiş saxta arayışlara diqqət çəkib. Qeyd edilirdi ki, polisin ələ keçirdiyi sənədlər sırasında “çoxlu sayda Azərbaycan pasportları”, “külli miqdarda avro və manatdan ibarət əskinaslar”, o cümlədən, “Azərbaycanda mövcud olan müxtəlifət partiyalarının möhürləri ilə təsdiqlənmiş arayışlar” olub ( https://caucasuswatch.de/en/news/seven-azerbaijani-citizens-detained-in-germany-due-to-suspicions-of-illegal-migration.html ).

Müəyyən edilmişdi ki, sənəd saxtakarlığı ilə məşğul olan dəstə Avropada məskunlaşmaq istəyən Azərbaycan vətəndaşlarına yardım etmək adı ilə hər bir nəfərdən orta hesabla 10 min Avro məbləğində vəsait alıb. Bu məbləğdən hər nəfər üzrə 3000 avro ayıraraq Azərbaycandakı müxalifət partiyalarına ötürüb. Qarşılığında “şəxsin öz ölkəsində siyasi təqibə məruz qalması barədə arayış” alıb. Beləliklə, saxta sənədlər təşkil edilərək, Azərbaycan vətəndaşlarına “siyasi mühacir” statusu verilib və Avropa dövlətlərində məskunlaşdırılıb.

Almaniya mediası “müxalif mövqeli siyasi partiyalar” tərəfindən verilmiş saxta arayışlar barədə məlumat verərkən, Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyasının adlarını çəkmişdi. Beləliklə, Azərbaycandakı “radikal müxalifət” partiyalarının “siyasi mühacir” biznesinin içində olduqları öz təsdiqini tapmışdı.

Deportasiya edilən “saxta mühacir”lərdən bir neçəsi Azərbaycan KİV-lərinə verdikləri müsahibələrdə deyiblər ki, onların istəkləri sadəcə Avropa ölkələrinin birinə köçüb, yaşamaq olub. Bu istəklərinə görə “siyasi mühacir” dəstəsinin qurbanına çevriliblər. Onlara deyilib ki, Avropa dövlətlərinə köçmək üçün ən asan vasitə “siyasi mühacir” kimi qeydiyyatdan keçməkdir. Bunun üçün müxalifət partiyalarının keçirdikləri aksiyalara qoşulmaq, əllərində anti-hakimiyyət motivli şüarlardan ibarət plakatlar tutmaq, şəkil çəkdirmək kifayətdir. Aksiyalarda şəkil çəkdirdikdən sonra “siyasi mühacir” dəllallarına 10 min Avro ödəməklə, proses tamamlanır

( https://musavat.com/news/muhacir-alveri-qalmaqali-boyuyur_450246.html ).

Almaniya polisinin təşkil etdiyi “siyasi mühacir” reydinin üzərindən 5 il ötür. Müxalifət partiyalarının ruporu rolunda çıxış edən KİV-lər və onların “ekspertləri” indi özləri də etiraf edirlər ki, Azərbaycanda “siyasi mühacir” problem süni şəkildə yaradılıb. Məsələn, “Osmanqızı TV”-nin 6 oktyabr 2024-cü il tarixli buraxılışında deyilir ki, “siyasi mühacir adı ilə Avropaya köç edən şəxslərin ən azı 80 faizinin sənədləri saxtadır”.

Deyilənlərdən belə aydın olur ki, “siyasi mühacir” biznesinə qurşanmış müxalifət partiyalarının 2 istiqamətdə maraqları olub. Birinci məqsəd hər bir saxta arayışa görə verlən 3 min avro “rüsum”dur. Nəzərə alaq ki, yüzlərlə şəxsə bu tip arayışlar verilib, yekunda yüksək məbləğdə vəsaitlər toplanıb. İkinci istiqamət isə siyasi motivlidir. Onlar aldadılıb tora salınmış insanlar üzərindən “sosial baza” formalaşdırıblar. Yəni, “radikal müxalifət”in təşkil etdiyi mitinqlərə qoşulanların əksəriyyəti bu aksiyalara şəkil çəkdirib “siyasi mühacir” arayışı almaq üçün gəliblər.

“Siyasi mühacir” biznesindən maddi - siyasi dividend götürənlərin siyahısı təkcə AXCP və Musavat partiyaları ilə yekunlaşmır. Beynəlxalq statuslu “hüquq müdafiə təşkilatları” da burada rol alırlar. Onların timsalında qlobal güclər prosesə qoşulublar, öz maraqlarını təmin ediblər. “Human Rights Watch” və “Amnesty international” təşkilatlarının “siyasi mühacir” kampaniyasına qatılmaqla əldə etdikləri dividendlərə nəzər salsaq, ortada hansı böyük hədəflərin olduğunu görərik.

“Human Rights Watch” və “Amnesty international” təşkilatı Azərbaycanda “siyasi təqibə məruz qalan şəxslər” mövzusunu uzun illər ərzində özlərinin hesabatlarına daxil ediblər. Bu məsələni beynəlxalq platformalarda müzakirəyə çıxarıblar. Azərbaycan dövlətini “siyasi təqibə məruz qalan şəxslərə” görə ittiham ediblər, sanksiyalar tətbiq edilməsinə çağırıblar. Təbii ki, mövzunu beynəlxalq müstəviyə çıxarmaqla həm siyasi, həm də maddi dividendlər götürüblər. Düzdür, onlar AXCP və Musavatdan fərqli olaraq, öz imiclərini 3 min avro qarşılığında xərcləməyiblər. HRW və “Amnesty international” təşkilatının hədəfləri kimi, maddi gəlirləri də böyükdür. Belə ki, hər iki təşkilat ABŞ və onun “donor institutlarının” təsir dairəsindədirlər. Fəaliyyət qurmaq üçün bu mənbələrdən “qarant” adı ilə böyük mənbləğdə vəsaitlər alırlar. Məsələn, HRW-nin orta illik büdcəsi 50 milyon dollardan çoxdur. Təşkilatın saytında göstərilir ki, bu vəsaitin bir qismi “ianələrdən”, digər qismi isə “qrantlardan” formalaşır. “Qrant” aldığı donorların sırasında ilk yerdə ABŞ fondları, o cümlədən, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu- ( Corc Soros Fondu-ACİ) dayanır. “Soros Fondu” 2010-cu ildə HRW-nin beynəlxalq fəaliyyətinin genişləndirməsinə yardım göstərmək üçün 100 milyon ABŞ dolları məbləğində “qarant” ayırıb ( https://www.hrw.org/news/2010/09/07/george-soros-give-100-million-human-rights-watch ). Yəni, “Human Rights Watch”, “Amnesty international” qismində təşkilatlar ABŞ-nin hədəfində olan ölkələrdə nə qədər çox faktlar uydururlarsa, effektiv qarayaxma kampaniyaları aparırlarsa, bir o qədər çox “qarantlar” alırlar, böyük məbləğlərlə mükafatlandırılırlar.

Təbii ki, “Human Rights Watch”, “Amnesty international”, “Freedon House” qismində təşkilatların maliyyə dəstəyi kimi, kampaniya tesizləri də eyni ünvanlarda formalaşır. Onlar ABŞ Dövlət Departamentinin, Avropa İttifaqı Şurasının siyasi direktivlərinə uyğun hərəkət edirlər. Qərb siyasi çevrələrinin qərarlarını “pozulan insan haqları” kontekstində icra edirlər. ABŞ-nin siyasi ambisiyalarına boyun əyməyən dövlətləri “Söz və ifadə azadlığını məhdudlaşdırdığına”, “siyasi fəaliyyət, sərbəst toplaşmaq hüququnu pozduğuna görə” hədəfə gətirib, ictimai qınaq obyektinə çevirirlər. ABŞ-nin, Avropa İttifaqı Şurasının bu dövlətlərə qarşı sanksiyalar tətbiq etmələri üçün zəmin hazırlayırlar. ABŞ öz siyasətində ermənipərəst mövqe tutursa, təbii ki, “Human Rights Watch” da həmin istiqamətə yönəlir. Azərbaycanı pisləmək üçün fürsət axtarır, mövzular uydurur. Belə məqamlarda “siyasi mühacir” və ya “siyasi məhbus” məsələsi göydən düşmüş fürsətə çevrilir.

Zamana və şəraitə uyğun olaraq, kampaniya tezisləri dəyişir. Amma mahiyyətləri eynidir. Hədəfləri ABŞ Dövlət Departamentində müəyyənləşdirilir, kampaniya tezislərini USAİD proqramlaşdırır, “Soros Fondu” qismində “donorlar” vasitəsilə maliyyə ötürülür. “Amnesty İnternational”, “Freedon House”, “Human Rights Watch” da bu planları icra edirlər. Azərbaycana qarşı son aylarda başladılan “siyasi məhbus” kampaniyası da bu qəbildəndir.

“Siyasi mühacir” kampaniyası iflasa uğradığı üçün, əvəvzinə “siyasi məhbus” terminini gündəmə gətiriblər. Hansısa əməlinə görə həbsə düşmüş şəxslərin ailələrinə müraciət edirlər, adlarını “siyasi məhbus” siyahısına yazdırmaq üçün təkliflər göndərirlər. Məqsədi anlayanlar onlara rədd cavabı verirlər. Anlamayanlar isə tora düşür, adlarını “siyasi məhbus” siyahısına yazdırıb, işi qəlizləşdirirlər.

Sabiq deputat Nazim Bəydəmirlinin özünün məhkəmə prosesində səsləndirdiyi bəyanat bu mövzuda yaxşı nümunədir. O, 2024-ci il aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı açıq tekstlə dedi ki, “hansısa mərkəzlər” onun razılığı olmadan, adını “siyasi məhbus” siyahısına yazıblar. Bəydəmirli özünü siyasi məhbus hesab etmədiyini qeyd etdi. “Siyasi məhbus” siyahısı hazırlayan mərkəzlərə də mesaj göndərdi ki, maxinasiyanı dayandırsınlar: “Mən siyasi məhbus deyiləm, siyasi fəaliyyətimə görə həbs edilməmişəm. Adımdan istifadə olunmasını istəmirəm” ( https://qafqazinfo.az/news/detail/men-siyasi-mehbus-deyilem-adimdan-istifade-olunmasin-nazim-beydemirli-434350 ).

Bəydəmirli saxta faktlar əsasında “siyasi məhbus” siyahısı hazırlayan mərkəzlərin adlarını çəkmir. Amma bu, söhbətin hansı mərkəzlərdən getdiyini aydınlaşdırmaq baxımından çətinlik yaratmır. “Sülh və Demokratiya İnstitutu”nun təmsilçisi Arif Yunus 2024-cü il sentyabrın 10-da “Azərbaycan saatı” proqramına verdiyi müsahibədə qeyd edir ki, Azərbaycan üzrə “siyasi məhbus siyahısı”nı tamamlamaq üçün 3 istiqamətdən təkliflər alıb. Söhbət əsanasında qeyd edir ki, aldığı təkliflərə uyğun olaraq, “siyasi məhbus siyahıyasındakı adların sayını 300 nəfərə çatdıraraq Avropa Şurasının Parlament Assambleyasındakı dostlarına göndərib”. “Oktyabr ayının əvvəlində isə ABŞ-yə gedib siyahını şəxsən təqdim edəcək”.

Məlumdur ki, oktyabrın 4-də Avropa Şurasının Parlament Assambleyasının payız sessiyası çərçivəsində “Azərbaycanda insan haqları üzrə “ dinləmələr keçirildi. Bu kontekstdə “siyasi məhbus” problemi xüsusi qabardıldı. Oktyabrın 3-də isə 58 nəfər qanunverici ABŞ-nin Dövlət Katibi Antoni Blinkenə məktub yazaraq, COP29 sammiti ərəfəsində Azərbaycana “insan hüquqları ilə bağlı” təzyiq göstərməyə çağırdılar. “Human Rights Watch”, “Amnesty international” da öz ampluasındadırlar. Azərbaycanda “siyasi məhbus problemi”nin qabardılmasında məxsusi rol alırlar. AŞPA və ABŞ Kongresində hazırlanan müraciətlərdə bu təşkilatlar adından hazırlanmış hesabat və çağırışların detalları görünür. “300 siyasi məhbus” mövzusu beynəlxalq platformalara məhz bu təşkilatlar vasitəsilə çıxarılıb. Nümunə üçün deyək ki, “Human Rights Watch” təşkilatı cəmi bir ay ərzində- sentyabrın 9-dan oktyabrın 9-na qədər olan müddətdə öz saytında Azərbaycanın adını 15 dəfə neqativ tonda çəkib. Sentyabrın 25-də isə , Avropa Şurasına müraciət edərək, “Azərbaycanda insan haqları, siyasi məhbus məsələrini müzakirəyə çıxarmağa” çağırır.

Belə çıxır ki, AŞPA-da bu müraciəti gözləyirmişlər. Sentyabrın 25-də HRW və digər 10 partnyor təşkilat müraciət ünvanlayıblar, AŞPA da operativ şəkildə reaksiya verib, oktyabr 4-də məsələni müzakirəyə çıxarıb.

Təcrübə göstərir ki, əslində proses tərsinə baş verib. ABŞ və Avropa İttifaqı Şurasından Azərbaycana təzyiq göstərmək üçün kampaniya keçirmək tapşırığı gəlib. Tapşırığa uyğun olaraq hər kəs sırada öz yerini alıb. HRW və partnyorları tapşırığa uyğun olaraq, “300 siyasi məhbus” siyahısını hazırlayıb təqdim ediblər. Kampaniya üçün yerli müxalifət partiyalarından “arayış” da alıblar. AXCP adından Əli Kərimli, “Milli Şura” adından Cəmil Həsənli bəyanat yayaraq, “300 məhbus” tezisini dəstəklədiklərini bildiriblər. Növbəti mərhələdə məsələ AŞPA və ABŞ Kongresin müstəvisinə çıxarılıb. Bu nüans Arif Yunusun 10 sentyabrda “Azərbaycan saatı” proqramına verdiyi müsahibədə də öz təsdiqini tapir. Məhbus ailələrinə müraciət edərək deyir ki, fərqi yoxdur, ya biuzə yazın, ya da ABŞ səfirliyinə: “Bir kəlmə ilə siyasi məhbus olduğunuzu qeyd edin, biz adınızı siyahıya daxil edək, ABŞ da Azərbaycan hökumətinə təzyiq etsin”. Yəni, “300 məhbus” mövzusunda da hər şey ənənəvi formada qurulub və davam edir.

Amma ənənəvi kampaniyalarda tətbiq edilən metodlar nə qədər təkrarlansa da, indiki kampaniyada bəzi fərqli nüanslar mövcuddur. Məsələn, Arif Yunus deyir ki, “bu dəfə siyasi məhbus siyahısında bəzi şəxsləri etnik mənsubiyyətinə görə təsnifatlaşdırmışıq. Onların etnik mənsubiyyətlərinə görə təqib edilib siyasi məhbusa çevrildiklərini yazmışıq”. Şübhə yoxdur ki, bu tezis “erməni şəbəkəsindən” gəlir. Onlar insanların Azərbaycanda etnik mənsubiyyətinə görə təqib edildiyini gündəmə gətirməklə, Bakıda həbsdə saxlanılan “Qarabağ separatçıları”nın mövzusunu aktuallaşdırırlar. Zatən “erməni məsələsi” AŞPA və ABŞ Kongresi adındından yayılan müraciətlərdə qırmızı xətt kimi keçir.

Məlumat üçün qeyd edək ki, “erməni şəbəkəsi” üzvlərinin beynəlxalq “hüquq müdafiə təşkilatları”nın sıralarına daxil olaraq, orada öz siyasətlərini yeritmələri barədə faktlar çoxdan yayılıb. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada bilinən faktdır. Məsələn, 2020-ci il yanvarın 14-də "The Wall Street Journal" nəşrində yayımlanan məqalədə “Human Rights Watch" təşkilatının “erməni məsələsinə” yanaşmada yol verdiyi maxinasiyalardan da bəhs edilir. Məqalənin müəllifi, Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviç yazır ki, “Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika sektorunun direktoru Sara Li Uitson ( Sarah Leah Whitson ) Azərbaycana məxsus olan Dağlıq Qarabağ torpaqlarında Ermənistan tərəfindən aparılan işğalçılıq və məskunlaşma prosesini qətiyyətlə dəstəkləyir” ( https://www.wsj.com/articles/a-selective-opponent-of-settlers-11579046287 ). Yevgeni Kontoroviç öz məqaləsində Uitsonun belə qanunsuz davranışlarını onun erməni mənşəli ailədə anadan olması, 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən ələ alınması ilə izah edir.

“Human Rights Watch" qismində təşkilatların idarəçiliyndə Sarah Leah Whitsona bənzər şəxslər az deyil. Bu baxımdan onların ermənipərəst tezisləri canla-başla tirajlamalarının səbəbləri aydındır. Aydın olmayan bir məqam var: Əli Kərimli, Cəmil Həsənli və Arif Yunus bu kampaniyaya hansı maraqla qoşulublar? Bəlkə indi də hər “siyasi məhbus arayışı”na görə 3000 avro qazanırlar?

Xəbər lenti

Xəbər lenti