...

İradəli və güclü siyasi bacarıqlara malik Ali Baş Komandan, mərd və qorxmaz, qəhrəman hərbiçilərdən təşkil olunan rəşadətli ordu Azərbaycanın parlaq qələbəsinin memarı oldular

Siyasət Materials 10 Noyabr 2024 11:33 (UTC +04:00)
İradəli və güclü siyasi bacarıqlara malik Ali Baş Komandan, mərd və qorxmaz, qəhrəman hərbiçilərdən təşkil olunan rəşadətli ordu Azərbaycanın parlaq qələbəsinin memarı oldular

Bakı. Trend:

4 il bundan öncə, məhz bu gün, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanlarında qazandığı böyük qələbələrdən və torpaqlarımızın ardıcıl azad edilməsindən sonra sülhə məcburetmə əməliyyatları nəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan 2020-ci il noyabrın 10-da təslimçilik bəyannaməsini imzalamağa məcbur oldu. Vətən müharibəsi dövründə ordumuz tərəfindən həyata keçirilən ən unikal hərbi əməliyyatlardan biri, Şuşanın azad edilməsi düşməni tamamilə sarsıtdı və bundan sonra Ermənistanın baş naziri Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri əsasında kapitulyasiya bəyanatına imza atmağa məcbur oldu. Hərb tarixinə qızıl hərflərlə yazılan Şuşanın azad edilməsindən sonra ermənilər Azərbaycan Ordusunun qarşısının alınmaz olduğunu, Ali Baş Komandanın güclü iradəsini hiss edərək Ermənistan rəhbərliyi təslim sənədini imzaladı. Bununla da Azərbaycan öz dədə-baba torpaqlarını erməni tapdağından azad etdi və tarixi ədaləti bərpa edərək haqlı qələbəsini qazandı.

44 günlük Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatması Ali baş komandanın ətrafında xalqın və ordunun “dəmir yumruq” kimi birləşməsinin nəticəsi oldu. 30 il sonra ata-baba torpaqlarımızı erməni işğalından azad etmək üçün dövlətimiz müxtəlif istiqamətlərdə inkişaf layihələri reallaşdırdı. İqtisadi baxımdan addım-addım irəliləyən Azərbaycan uzun illər torpaqların azad edilməsi üçün sülh danışıqlarını davam etdirdi. Lakin hələ o zamanlar, 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun təsis olunmasına baxmayaraq Ali Baş komandan İlham Əliyev bu təsisatın problemin həlli istiqamətində heç bir müsbət addım atmadığını vurğulayaraq torpaqların azad olunmasını Azərbaycan Ordusu həyata keçirməli olduğunu dəfələrlə qeyd etmişdi. Ordu quruculuğu hər zaman Ali baş komandanın dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradılması üçün vacib addımlar atırdı.

Ölkəmizin döyüş meydanlarında qazandığı tarixi zəfər müzəffər Ali Baş Komandanı olan qalib Azərbaycan ordusunun yüksək texniki səviyyəsindən, taktiki bacarığından xəbər verir. Hərbi gücünü artıran, yenidən formalaşdırılıran, daha da müasir silah və texnikalarla, hərbi avadanlıqlarla təchiz olunan Azərbaycanın Silahlı Qüvvələri Vətən müharibəsində öz gücünü göstərdi. Təsadüfi deyil ki, bu yaxınlarda silahlı qüvvələrimiz dünya orduları sırasında Kanada, İtaliya, Banqladeş, Kolumbiya kimi ölkələri qabaqlayaraq 29-cu sırada yer aldı və bu çox qürurvericidir. Bütün bu nəaliyyətlər Ali Baş komandan İlham Əliyevin düzgün siyasətinin, gərgin zəhmətinin nəticəsidir. ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan siyahıda Erməninstan və Gürcüstanın ümumiyyətlə yer almaması Azərbaycan ordusunun cənubi Qafqaz ölkələri arasında ən güclü olmasının bariz nümunəsidir.

Bəli, bu gün Azərbaycanın güclü, sarsılmaz ordusu var. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədilə gərgin və səmərəli iş aparılıb və nəticədə Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Cənab Prezidentin respublikaya 21 illik rəhbərliyi dövründə Azərbaycan Ordusunun təşkilati, təchizat və döyüş keyfiyyətləri baxımından tamamilə yeni səviyyəyə qalxmasına və dünyanın ən güclü orduları sırasında yer almasına yol açıb. Güclü ordunun qurulmasının və daha da möhkəmləndirilməsinin əsas yollarından biri kimi Prezident İlham Əliyevin ordunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində təmin edilməsində görməsi bu məsələnin kompleks şəkildə həll olunması məqsədlə iqtisadiyyatımızın inkişafına xüsusi diqqət yetirilməsindən başladı. Çünki dövlət başçısının özünün də qeyd etdiyi kimi iqtisadiyyatı güclü olmayan dövlətin güclü ordusu ola bilməzdi. Bu mənada Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdirilməsi, bunun üçün iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyanın cəlb edilməsi üçün əlverişli mühitin yaradılması istiqamətində ciddi və tarixi addımlar atılıb. Əldə edilmiş uğurlu nəticələr isə ildən-ilə hərbi büdcənin də davamlı şəkildə artmasına və ordu quruculuğunun sürətli inkişafına yol açdı.

Konkret rəqəmlərə istinad etsək görərik ki, Azərbaycanın hərbi büdcəsinin 2005-ci ildə büdcə xərcləri 300 milyon dollar idisə, 2010-cu ildə 2,5 milyard dollar, 2022-ci ildə bu rəqəm 2,7 milyard dollar təşkil edib. Azərbaycan hökuməti 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 3,78 milyard dollar vəsait ayırıb. 2025-ci ilin dövlət büdcəsində isə müdafiə xərclərinə təminən 5 milyard dollara yaxın vəsait ayrılması nəzərdə tutulur. Göründüyü kimi Azərbaycan höküməti ilbəil Azərbaycan Silahlı qüvvələrinin təkminləşməsi və yenidən qurulması, təhlükəsizliyin qorunması üçün maliyyə təminatını daha da artırır ki, bu da ordumuzun daha müasir silah və texnika ilə təchizatına əlavə imkanlar açır. Günü gündən güclənən Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini xeyli artırıb. Son illər ölkəmizdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan hazırda mindən çox hərbi təyinatlı məhsulun istehsalçısına çevrilib. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.

İstər 44 günlıük Vətən müharibəsində, eləcə də 23 saatlıq anti-terror əməliyyatları zamanı Azərbaycan Ordusu həm texniki, həm də fiziki və məvi hazırlıq baxımından özünü ən müsbət cəhətlərlə göstərdi. Silahlı qüvvələrimizin dünyanın ən müasir və son texnologoyalı silahlarla təchiz edilməsi, Ali baş komandanın göstəriş və tapşırıqları əsasında şəxsi heyətin bilik, bacarıqlarının artırılması, müasir ordu quruculuğu öz nəticəsini verməkdədir. Təkcə onu qeyd etmək kifayət edir ki, Azərbaycan Ordusunun Şuşanı azad etməsi dünyanın hərb tarixinə xüsusi əməliyyat kimi daxil oldu. Bu gün həm texniki təchizat baxımından, həm hərbiçilərimizi peşəkarlığı baxımından yüksək hazırlıqlı olan ordumuz Ali baş konamdanın rəhbərliyi altında günü gündən inkişaf edir. Bunun üçünsə təbii ki, maddi təminat çox vacibdir. Günü gündən inkişaf edən Azərbaycan iqtisadiyyatı güclü dövlət və güclü ordu qurmaq üçün münbit şərait yaradır.

Bu gün Azərbaycanın həm cənubi Qafqazda, həm də dünyada dövlətləri arasında seçilməsi onu bir daha sübut edir ki, Ali Baş komandan, Prezident İlham Əliyevin apardığı düzgün siyasət ölkəmizi həm bir davamlı inkişaf edən, həm də güclü silahlı qüvvələri olan bir dövlət kimi tanıtmağı bacarıb.

İradəli və güclü siyasi bacarıqlara malik Ali Baş Komandan, mərd və qorxmaz, qəhrəman hərbiçilərdən təçkil olunan rəşadətli ordu Azərbaycanın parlaq qələbəsinin memarı oldular. Bu gün Azərbaycan tam suveren bir dövlətdir. Günü-gündən inkişaf edən müstəqil, azad bir dövlət.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti