...

Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldı - Sahibə Qafarova

Siyasət Materials 7 Dekabr 2024 10:57 (UTC +04:00)
Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldı - Sahibə Qafarova
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Parlamentlərimizin bugünkü fəaliyyətinə ölkələrimizdə uzun illər ərzində formalaşmış parlamentarizm ənənələrinin və təcrübələrinin təsiri olduqca böyükdür. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışarkən 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Bu mənada konfransımızın məhz bu gün keçirilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan parlamentinin ilk iclası məhz dekabrın 7-də keçirilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

Sədr bildirib ki, bütün müsəlman Şərqində o dövrün ən mütərəqqi demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan parlamenti fəaliyyəti zamanı milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıb.

“Həmin parlament cəmi 17 ay fəaliyyət göstərdi. Bununla belə, 11 müxtəlif partiyanın təmsil olunduğu 99 üzvü olan parlament həmin dövrdə 145 iclas keçirib, 270-dən artıq qanun layihəsini müzakirəyə çıxarıb, 230-a yaxın qanun qəbul edilib. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması nəticəsində parlament də fəaliyyətini dayandırdı. Azərbaycanda sovet hakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik idi və bununla belə formal xarakter daşımasına baxmayaraq, parlamentin həmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunub saxlanması baxımından faydalı olub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi isə parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldı”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı məhz parlamentdə başlayıb:

"Ulu Öndər parlamentə rəhbərlik etdiyi dörd aya yaxın müddət ərzində Azərbaycan parlamentarizmi tarixinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu.

Ulu Öndər Heydər Əliyevin həm bu müddətdə, həm də sonradan prezidentlik dövründə qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər müstəqil dövlətimizin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində, parlamentin real hakimiyyət orqanına çevrilməsində əvəzsiz rol oynayıb. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu olduğu kimi, müasir parlamentimizin də banisidir. Və bu parlament öz fəaliyyətində ötən dövrlərdə formalaşmış ənənələrə əsaslanır, müstəqillik və dövlətçilik amallarını təcəssüm etdirir".

Spiker qeyd edib ki, bu gün Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti