Bakı. Trend:
Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar 16 mindən çox namizəd qeydə alınıb.
Trend xəbər verir ki, bunu yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətbəədə çapına başlanması prosesi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar 16 128 nəfərin namizədliyi qeydə alınıb", - o bildirib.
MSK sədri bildirib ki, bunlar 23 partiyanın və öz təşəbbüsü ilə müraciət edən namizədlərdir.
"Seçilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar. Əhalisi 10 minədək olan yaşayış məntəqələrində insanlar bir-birini çox yaxşı tanıyırlar. Bu o baxımdan yaxşıdır ki, seçicilər istədikləri namizədə səs verirlər və narazılıq da az olur”, - M.Pənahov qeyd edib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.