Bakı. Trend:
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçilər"inin aktivliyi səngimir. "Müşahidəçilər"in fəaliyyəti izləyən hərbçilərimizin qeydə aldığı görüntülərdə ermənilərin yeni bunkerlər tikdikləri də aşkar görünür.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov bildirib ki, Ermənistan tərəfi sülhdən danışsa da buna zidd fəaliyyətlərini müşahidə edirik.
"Ermənilərin Azərbaycanla şərti həmsərhəddə yeraltı bunkerlər hazırlamağı məhz gələcəkdə təxribatçı fəaliyyətlərinə davam edəcəyinin işarəsidir. Monolit betondan hazırlanan bunkerlər uzunmüddətli döyüşün aparılması üçündür. Həmin bunkerlərin sahəsinə və funksiyasına nəzər saldığımız zaman, şəxsi heyətin həmin yerdə qalması üçün yataqxanaların yaradılması, atəş mövqelərinin hazırlanmasını görərik. Burada tək atıcı silahlar deyil, artileriya qurğuları, ağır texnikalar üçün mövqelərin hazırlandığını görürük. Bu da ermənilərin xoş olmayan niyyətini ortaya qoyur. Belə bunkerlərə kifayət qədər maliyyə vəsaiti xərclənir".
Ekspert qeyd edib ki, sülh istəyən dövlət şərti həmsərhəd bölgələrdə belə təxribatçı fəaliyyətlərlə məşğul olmamalıdır.
"Lakin belə bunkerlər Ermənistanın hər hansı təxribatçı addım atdığı vaxt onlara heç bir kömək etməyəcək. Çünki belə hallara qarşı Azərbaycanın yetəri qədər təcrübəsi var. İkinci Qarabağ müharibəsinə qədər Ermənistan tərəfi buna bənzər bunkerlər inşa etmişdir. Bütün bunlar Ermənistan ordusuna kömək etmədi. Ordumuz Ohanyan həddini və dərinliklərdə yerləşən yeraltı bunkerləri qısa müddətdə darmadağın edərək qarşıya qoyulmuş tapşırırğı yerinə yetirdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi və onlara revanş üçün kömək edən havadarları bilsin ki, belə təxribatlar boş yerədir. Onlar layiqincə cavablarını alacaqlar", - deyə o qeyd edib.