...

Rəsmi Parisin Azərbaycana qarşı iddiaları Fransanın uğursuzluqlarını ört-basdır etmək cəhdindən başqa bir şey deyil - Sevil Mikayılova

Siyasət Materials 27 Yanvar 2025 17:30 (UTC +04:00)
Rəsmi Parisin Azərbaycana qarşı iddiaları Fransanın uğursuzluqlarını ört-basdır etmək cəhdindən başqa bir şey deyil - Sevil Mikayılova
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Parisin Azərbaycana qarşı iddiaları Fransanın uğursuzluqlarını ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

Bunu Trend-ə Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

"Fransa xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı guya "müstəmləkə ərazilərinə müdaxilə etmək"də ittiham edən bəyanatı Parisin öz uğursuzluqlarını ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Uzun onilliklərdir müstəmləkə ərazilərini nəzarətdə saxlayan Fransa indi diqqəti Yeni Kaledoniyada dərinləşən böhrandan yayındırmaq üçün kənar qüvvələri günahlandırmağa çalışır. Halbuki əsl problem yerli əhalinin illərdir ağır ayrı-seçkiliyə, ifrat yoxsulluğa və sərt repressiyalara məruz qalmasıdır", - o bildirib.

Deputat qeyd edib ki, Yeni Kaledoniya müasir neokolonializmin parlaq nümunəsidir.

"Ümumi əhalinin təxminən 40%-ni təşkil edən kanaklar yoxsulluq və sosial bərabərsizlik girdabında qalmağa davam edir. Kanaklar arasında işsizlik səviyyəsi 24%-i keçib, ərazinin nikel yataqları kimi zəngin təbii resursları isə Fransanın iri korporasiyalarının nəzarəti altındadır. "Fransız demokratiyasının təzahürü" kimi təqdim olunan referendumlar isə əslində bir illüziyadır. 2021-ci il müstəqillik referendumu bunun bariz nümunəsidir: 96,5% səs çoxluğu ilə Fransa nəzarətinin davam etməsi qərara alınsa da, bu nəticə yerli əhalinin Fransanın təzyiqlərinə qarşı kütləvi boykotunun fonunda əldə edilmişdi", - S.Mikayılova bildirib.

S.Mikayılovanın sözlərinə görə, Yeni Kaledoniyada etirazlara qarşı güc tətbiqi adi hala çevrilib.

"2022-ci ildə nümayişçilərə qarşı zorakılıq nəticəsində 14 nəfər həyatını itirdi. Bununla belə, Fransa bu faciəni açıq şəkildə müzakirə etmək əvəzinə, beynəlxalq təşəbbüsləri - o cümlədən Bakı Təşəbbüs Qrupunu - ittiham etməklə məşğuldur. Halbuki bu təşəbbüslər Fransanın müstəmləkəçilik siyasətini ifşa edir. Parisin bu reaksiyası yalnız həqiqətdən qorxduğunu nümayiş etdirir.

Özünü demokratiyanın müdafiəçisi kimi təqdim edən Fransa digər ölkələrin işlərinə müdaxilə etməkdən çəkinmir. Amma öz müstəmləkələrində xalqın öz müqəddəratını təyin etmək hüququnu boğur. İnsan haqları müdafiəçilərinə və antikolonial hərəkatlara təzyiq göstərilməsi Fransanın xarici siyasətinin ayrılmaz hissəsinə çevrilib. Ancaq bu yanaşma zəifliyin göstəricisidir. Yeni Kaledoniyada həqiqi qeyri-sabitlik mənbəyi xarici qüvvələr deyil, məhz Fransa hökumətinin özü və onun yerli əhaliyə qarşı repressiv siyasətidir", - deputat bildirib.

Deputat qeyd edib ki, rəsmi Paris çox gec olsa da, artıq dərk etməlidir ki, müstəmləkəçilik dövrü başa çatır.

"Fransa öz səhvlərini etiraf etməli, repressiyalardan əl çəkməli və Yeni Kaledoniya xalqına öz müqəddəratını təyin etmək hüququnu təmin etməlidir. Azərbaycanı günahlandırmaq və şantaj cəhdləri isə itirilmiş etimadı qaytarmaq üçün heç bir nəticə verməyəcək.

Dekolonizasiya labüddür, və Parisin öz təsir dairəsini saxlamaq üçün atdığı hər addım onun beynəlxalq arenada reputasiyasına daha çox zərbə vurur. Dünya artıq Fransanın ikiüzlülüyünü görür, dəyişikliklərin vaxtı isə sürətlə yaxınlaşır", - S.Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti