Bakı.Trend:
27 yanvar 2025-ci il il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyini həyata keçirdiyi “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib.
Bu barədə Trend-ə RİİN-dən
məlumat verilib
İclas çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən Yol
Xəritəsində nəzərdə tutulmuş tədbirlərin 2024-cü il üzrə icrasının
nəticələri barədə məlumat verilib. Bildirilib ki, Yol Xəritəsinin
əsas fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş bütün tədbirlər
ötən dövr ərzində müvəffəqiyyətlə icra edilmiş, bir sıra
tədbirlərin icrası 2025-ci ildə də davam etdiriləcəkdir.
Yol Xəritəsinin icrası çərçivəsində qeyd olunub ki, bu sahədə
mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər
görülmüş, elektrik mühərrikli avtobusların idxal gömrük rüsumu 01
yanvar 2025-ci il tarixinədək “0”-a endirilmiş, elektrik
avtomobillərinin ehtiyat hissələrinin keyfiyyətinə dair müasir
təcrübəyə uyğun milli standartlar qəbul edilmiş, mikromobillik
infrastrukturu yaradılmış, mikromobilliyə dair yeni anlayışlar
qanunvericiliyə daxil edilmiş, elektromobillik üzrə Milli Planın
layihəsi hazırlanmış, ölkə ərazisində Elektrikdoldurma
infrastrukturu genişləndirilmiş, “İçərişəhər Dövlət Tarix Memarlıq
qoruğu ərazisində nəqliyyat vasitələrinin sayını azaltmaq və daha
yaxşı, təhlükəsiz mühit yaratmaq məqsədilə nəqliyyat vasitələrinin
girişinin məhdudlaşdırılması üzrə tədbirlərin icrasına başlanılmış,
eləcə də Bakı şəhərində elektrik və ekoloji təmiz CNG avtobusları
istismara verilmişdir.
İclasda həmçinin altqrupun 29.10.2024-cü il tarixli iclasının
Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyətinə dair
müzakirələr zamanı bildirilmişdir ki, Azərbaycanda elektrikdoldurma
xidmətinin normativ hüquqi bazası ilə bağlı mövcud vəziyyət
araşdırılmış, “Azərişıq” ASC tərəfindən Azərbaycanın
elektrikdoldurma xidməti bazarı üçün Vahid Platforma hazırlanmış və
elektrikdoldurma xidməti göstərən bütün elektrikdoldurma
məntəqələrinin Vahid Platformaya inteqrasiyası üzrə işlərə
başlanılmışdır.
İclas zamanı Azərbaycan avtomobil sektorunda mövcud vəziyyətin
icmalı, tendensiyalar, çağırışlar və təkliflər mövzusunda təqdimat
edilmiş, Azərbaycan avtomobil sektorunun sağlamlaşdırılması üçün
təkliflər verilmişdir.
Həmçinin təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin
stimullaşdırılması üzrə mövcud vəziyyət və çağırışlar mövzusunda
fikir mübadiləsi və altqrupunun 2025-cü il üçün Yol Xəritəsinin
hazırlanmasına dair müzakirələr aparılıb.