Bakı. Trend:
Almaniyada yaşayanların 65%-dən çoxu Almaniya kansleri postuna əsas namizədlərdən olan Fridrix Mertzin miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı təkliflərini dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər "INSA" sosioloji institutunun keçirdiyi ictimai rəy sorğusuna əsasən məlumat yayıb.
Məlumata görə, Xristian-Demokratik və Xristian-Sosial İttifaqlar Blokundan olan Mertz, kansler vəzifəsinə gələcəyi ilk gündəcə Daxili İşlər Nazirliyinə Almaniyanın bütün qonşu dövlətlərlə olan sərhədlərini ciddi uzunmüddətli nəzarətə götürməyi tapşıracağını və qanunsuz mühacirlərin ölkəyə girişinə faktiki olaraq qadağa qoyacağını bildirib.
Qeyd edilir ki, Mertzin bu planlarını respondentlərin 66%-i dəstəkləyir. Xristian-demokratların liderinin təklifləri eyni zamanda hazırkı kansler Olaf Şoltsun partiyası olan Sosial-Demokratlar partiyasının seçiciləri arasında da populyardır. Sosial demokratların 56%-i onun təkliflərini təqdir edib.