Bakı. Trend:
Əsası 2006-cı ildə qoyulmuş Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) üçün 2020–2024-cü illər iqtisadiyyatın əsas sektorlarının transformasiyasına və dayanıqlı inkişafa xidmət edən layihələrin həyata keçirilməsinə yönəlmiş aktiv fəaliyyət dövrü oldu.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, son 5 ildə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri 1,7 milyard manata çatıb.
Bildirilib ki, bu məbləğin 292 milyon manatı bilavasitə AİŞ tərəfindən təsdiqlənmiş investisiya vəsaitidir: “Bundan başqa, 476 milyon manat məbləğində birbaşa xarici investisiya cəlb etmək mümkün olub. Xüsusən cəlb edilən vəsaitlərin nisbətini qeyd etmək yerinə düşər: AİŞ-in yatırdığı hər 1 manata görə beynəlxalq və yerli investorlardan, həmçinin maliyyə institutlarından 6,5 manat cəlb olunub. Birbaşa xarici investisiyalar çərçivəsində isə bu nisbət AİŞ-in yatırdığı hər 1 manata 1,62 manat təşkil edib. Bu multiplikator effekti şirkətin investisiya tərəfdaşı kimi yüksək səmərəliliyini nümayiş etdirir.
Məlumata görə, cəlb edilmiş investisiyalar 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib: “Bu təşəbbüslər ölkənin istehsal imkanlarını gücləndirməklə yanaşı, növbəti bir neçə il ərzində 2300-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək. AİŞ rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir. Hal-hazırda AİŞ sayəsində qida və əczaçılıq sənayesi sahəsində, eləcə də tikinti materialları və geyim sahəsində strateji məhsulların fəal istehsalı həyata keçirilir ki, bu da iqtisadiyyatın, biznesin və əhalinin həyati əhəmiyyət kəsb edən məhsullarla təmin edilməsinin mühüm göstəricisidir”.