Bakı. Trend:
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) işğaldan azad edilmiş ərazilərdə “yaşıl”, o cümlədən ölkənin regionlarının inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə fəal şəkildə investisiya yatırır.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, şirkət işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dörd layihənin inkişaf etdirilməsinə və dirçəldilməsinə dəstək çərçivəsində 44,8 milyon manat investisiya yatırır.
Bildirilib ki, AİŞ-in portfelində Türkiyənin “Demirören Holding”i ilə birgə həyata keçirilən beş kiçik su elektrik stansiyasının bərpası layihəsinin də xüsusi önəmi var: “Bu layihə su elektrik stansiyaların regionu bərpa olunan enerji ilə təmin edərək ənənəvi enerji təchizatı mənbələrindən asılılığı azaltması ilə AİŞ-in davamlı inkişafa sadiqliyini əks etdirir. Bundan əlavə, AİŞ-in Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikintisi layihəsində iştirakı enerji infrastrukturunun inkişafı məqsədilə atılan mühüm addımdır. SOCAR Green və BP şirkətləri ilə birgə həyata keçirilən layihə işğaldan azad edilmiş ərazilərdə ən böyük “yaşıl” enerji layihələrindən biri olacaq”.