...

Azərbaycan və Qətər arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib (FOTO)

Siyasət Materials 27 Yanvar 2025 13:00 (UTC +04:00)
Azərbaycan və Qətər arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

26 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qətər Dövlətində səfərdə olub.

XİN-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin ümumi maraq doğuran bir sıra regional ve qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Nazir müavini Yalçın Rəfiyev səfər çərçivəsində həmçinin Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə Dövlət naziri Ahmed bin Mohammed Al Sayed ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının ən qısa müddətdə keçirilməsi, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes forumların təşkil edilməsinin zəruriliyi qeyd edilib.

Yalçın Rəfiyev Dohaya səfəri müddətində həmçinin Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzində (Center for Conflict and Humanitarian Studies - CHS) olub, Mərkəzin direktoru Ghassan Elkahlout və ekspertləri ilə görüşüb. Görüş zamanı Azərbaycanın xarici siyasəti, Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən hadisələr ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Yalçın Rəfiyev Qətərin Georgetown Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq və Regional Araşdırmalar Mərkəzinin (Center for International and Regional Studies (CIRC)) rəhbərliyi, müəllim və tələbə heyəti ilə görüşüb. Nazir müavini Azərbaycanın xarici siyasət prioritetləri, regional və qlobal məsələlərə dair Azərbaycanın baxışları, eləcə də Ermənistan-Azərbaycan post-münaqişə dövrü, normallaşma prosesi və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə dinləyiciləri məlumatlandırıb və iştirakçıların suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti