Bakı. Trend:
Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi bağlansa belə, Rusiyadan Qərbi Avropaya qaz tədarükü heç vaxt bərpa olunmamalıdır.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Polşanın prezidenti Andjey Duda deyib.
Duda 2022-ci ildən bəri istismarı dayandırılmış Şimal Axını qaz kəmərinin sökülməli olduğunu diqqətə çatdırıb.
“Mən ancaq ona ümid edə bilərəm ki, avropalı liderlər Rusiyanın Ukraynaya qarşı təcavüzündən nəticə çıxaracaq və onlar həmin boru xətti ilə Rusiya qazının nəqlini həmişəlik dayandırmaqla bağlı qərar qəbul etməyə nail olacaqlar”, - o bildirib.
Polşalı prezident vurğulayıb ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar effektiv olmalıdır və Avropa ölkələrinin Moskva ilə biznes əlaqələrinin qurulması üçün şirkətlərin göstərdiyi təzyiqlər dəf edilməlidir.
Qeyd edək ki, Rusiyanın “Qazprom” enerji nəhəngi tərəfindən inşa olunmuş Şiimal Axını qaz kəməri Rusiyadan Almaniyanın şimalına qədər uzanır.
Şimal Axını-1 2022-ci ildə bağlanıb, Şimal Axını -2 isə Ukrayna münaqişəsi ilə əlaqədar ümumiyyətlə istismara verilməyib.