Bakı. Trend:
Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Bakıda Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Boris Titov öz "Telegram" kanalında yazıb.
"ŞƏT-in Dayanıqlı İnkişaf üzrə Şurasının yaradılması təşəbbüsünə qoşulmaq təklifini müzakirə etdik", - deyə paylaşımda bildirilib.
B.Titovun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə yanaşmanı dəyişmək lazımdır və 2030-cu ilə qədər beş il ərzində bu yanaşmanı formalaşdırmaq üçün vaxt lazımdır.
"Yeri gəlmişkən, Azərbaycan bu yolla sözdə deyil, əməldə irəliləyir. BMT-nin Bakıda keçirilən sonuncu COP29 iqlim konfransının nəticələrini xatırlatmaq kifayətdir. Beynəlxalq karbon vahidi bazarının yaradılmasının əsası təşkilatçılar sayəsində baş verdi", - deyə əlavə olunub.