Bakı. Trend:
Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Gifts of nature”) fərdi sərgisi açılacaq.
Trend xəbər verir ki, ekspozisiyada böyük meyvə və tərəvəz heykəllərinin müəllifi Cüzeppe Kartanın 120-dən çox əsəri sərgilənəcək.
Müəllif əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaratdığından onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim edilmiş olacaq. Həmin kompozisiyaların arasında xüsusi sənətkarlıqla işlənilən, yaradılması böyük zaman tələb edən fındıq, moruq, şaftalı, çili bibərinin unikal heykəlləri və instalyasiyalar yer alacaq.
Əsərlər mövzunun sadəliyi baxımından tamaşaçıya çox yaxındır, eyni zamanda təbiətin bizə bəxş etdiyi nemətlərin nə qədər dəyərli olduğunu ifadə edir. Məhz bu xüsusiyyət Cüzeppe Karta yaradıcılığının incəsənət nöqteyi-nəzərindən ümumbəşəri mesajını çatdırır.
Cüzeppe Karta: nəhəng natürmortlar yaradıcısı
ABŞ, Avstraliya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, İtaliya, Yeni Zenlandiyada təşkil edilən sərgilərdə, festivallarda, Venesiya Biennalesində təmsil olunan, çoxsaylı beynəlxalq mükafatların sahibi Cüzeppe Kartanın əsərlərini paytaxt Bakıda bir ilə yaxın müddətdə izləmək mümkün olacaq. “Təbiətin nemətləri” sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı ilin yanvar ayınadək davam edəcək. Əsərlər Mərkəzin park ərazisi və sərgi zalında nümayiş olunacaq.
Nar, zeytun, üzüm və s. heykəlləri Cüzeppe Kartanı dünyaya sülhü, torpağı və xalqların mədəniyyətini təbliğ edən incəsənət xadimi kimi tanıdıb. Onun sənətinin əsas mövzusu təbiət və torpağın nemətləridir. O, bu mövzunu həyatın, ümidin, yenidən doğuluşun və cücərmənin universal rəmzi kimi təsvir edir.
Dünya üzrə “Çili bibəri səfiri” olan heykəltaraş
Avropada tanınan “Böyük bibərlər” seriyası Cüzeppe Karta tərəfindən Çin Xalq Respublikasının Siçuan əyalətinin Çonqkinq şəhəri üçün hazırlanıb. 7,5 metr hündürlüyündəki bu heykəl bölgənin rəmzi kimi əsas meydanı bəzəyir. Cüzeppe Karta nüfuzlu Dünya Çili Alyansının (World Chilli Alliance) rəmzini də yaradıb.
Müəllif “Milan Ekspo 2015”də Birləşmiş Millətlər Təşkilatının meyvə bağları konsepsiyası çərçivəsində də qırmızı bibər heykəlini təqdim edib. Həmin ilin sonunda bu heykəl onun Vətənində Sardiniya Bankının mülkiyyətinə çevrilir.
İtaliyanın Çili Bibər Akademiyası tərəfindən isə Cüzeppe Kartaya dünya üzrə “Çili bibəri səfiri” titulu verilib.
Şəhər və incəsənət məkanlarının rəmzinə çevrilən “Narlar”
Cüzeppe Kartanın təsvir obyektlərindən biri də nardı. O, 2012-ci ildə məşhur tenor və bəstəkar Andrea Boçellinin Toskana bölgəsindəki “Sükut teatrı” üçün 9 metrlik nəhəng narla səhnə dekorasiyası hazırlayır. Daha sonra Kartanın “narlar”ı “Sükut teatrı”nın rəmzinə çevrilir.
Ümumiyyətlə, Kartanın meyvə və tərəvəz heykəllərinin dünyanın bir-birindən fərqli yerlərini bəzəməsinə dair siyahını artırmaq olar. Onun bu yaradıcılıq konsepsiyası dünyada rezonans yarada bilib.
Kartanın kompozisiyaları eşidilməyən, lakin hiss olunan həzin bir melodiyanı xatırladır, əsərləri təbiətin əbədi gözəlliyini bir daha təsdiq edir.