Bakı. Trend:
XII Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” mövzusunda panel müzakirəsi keçirilib.
Trend xəbər verir ki, panel müzakirəsi çərçivəsində çıxış edən Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı daha əhatəli və ədalətli qlobal idarəetmə sisteminin yaradılması ideyasını tam dəstəkləyir.
"Qarşılaşdığımız problemlərlə bağlı realist olmalıyıq. Son beş ildə dünyada böhranlar, gərginliklər, qlobal nizamda dəyişikliklər baş verib. Əvvəlcə bəzi Aİ ölkələri böhranın öhdəsindən təkbaşına gələ biləcəklərini düşünürdülər, lakin bunun nəticə verməyəcəyi tez bir zamanda aydın oldu", - o bildirib.
O, qaydalara əsaslanan sistemin saxlanmasının zəruri olduğunu, lakin mövcud nizamın müasir dünyanın reallıqlarını əks etdirmədiyini bildirib.
"Buna görə də biz daha inklüziv və ədalətli qlobal idarəetmənin yaradılması ideyasını tam dəstəkləyirik və Aİ bu prinsiplərin müdafiəsində ön sıralarda olmağa hazırdır", - o əlavə edib.
Şarl Mişel onu da vurğulayıb ki, Avropa İttifaqı üçün onun hərəkətlərinə diqqət bir növ fürsətdir.
"Siz sadəcə kənarda dayana bilməzsiniz. Çoxqütblü dünyanı dəstəkləyən çoxtərəfli sistemi gücləndirmək üçün qərarlar qəbul etməli və taleyimizin ağası olmalıyıq", - o bildirib.
Öz növbəsində, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan regionda yeni reallıqların formalaşmasına töhfə verməyə çalışır.
"Azərbaycan həm regionda, həm də onun hüdudlarından kənarda yeni sərhədlərin və reallıqların formalaşmasına töhfə verməyə çalışır", - o bildirib.
O, “orta güc” anlayışını qeyd edərək, bu terminin çoxlu təriflərinin olduğunu vurğulayıb.
"Azərbaycanın nöqteyi-nəzərindən "orta güc" statusu mütləq hərbi güc, iqtisadi potensial və ya əhalinin sayı ilə müəyyən olunmur. Bura qarşılıqlı fəaliyyət, tərəfdaşlıq, əməkdaşlıq şəbəkələri, eləcə də dövlətlərin zəif tərəfləri daxildir", - Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan fəal və qlobal yönümlü xarici siyasət aparır.
"Böyük güc rəqabətinin beynəlxalq arenaya qayıtması ilə biz hesab edirik ki, orta güclərin, regional oyunçuların və müxtəlif texnologiyalardan istifadə edən əsas dövlətlərin vaxtı çatıb", - o bildirib.
H.Hacıyevin sözlərinə görə, Cənubi Qafqaz mühüm geosiyasi və iqtisadi region olmaqla yanaşı, tərəqqinin ön xətti əsi kimi görünür.
Bundan əlavə, Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo deyib ki, biz hazırda çoxqütblü dünya haqqında danışırıq:
"Hazırda çoxqütblülər arasında çaşqınlıq və yaxud xaosla üzləşmişik. Bu yaxınlarda BMT 80 illik yubileyini qeyd edəcək. Hamı gələcəyi necə qurmaqla bağlı tarixə baxmalıdır. BMT fəaliyyətini davam etdirməli, yoxsa dayandırmalıdır? Biz çarxı yenidən icad etməməliyik. Hesab edirəm ki, BMT-nin effektivliyini təmin etməklə onu saxlamalıyıq".
O bildirib ki, qlobal səviyyədə idarəçilik dəyişməlidir: "Çoxqütblü dünya kiminsə ideyası, xülyası deyil. Çin inanır ki, ABŞ-la həm dost, həm də tərəfdaş ola bilər. Sadəcə, böyük güclər özlərini böyük kimi aparmalıdır”.
“Biz tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə qarşı", - deyə xüsusi nümayəndə qeyd edib.
Öz növbəsində, Türkiyənin Böyük Millət Məclisinin deputatı, ölkənin NATO parlament assambleyasındakı nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu qeyd edib ki, Rusiya ilə Ukrayna arasında gedən müharibənin dayandırılması ilə bağlı Türkiyənin səyləri Qərb ölkələrinin yetərincə dəstəyini almayıb.
“Biz rusiyalı və ukraynalı həmkarlarımızı toplamaq üçün mümkün olan hər şeyi etmişik. Bizim Prezident də müharibənin erkən mərhələsində ona son qoymaq üçün nitqlə çıxış edib. Əfsuslar olsun ki, biz bəzi Qərb ölkələrindən və Birləşmiş Ştatlardan yetərincə dəstək almamışıq. Görünən odur ki, müharibənin davam etməsi onların elə ürəyincə idi, onların mövqeyi isə sırf Ukranyaya dəstəkdən ibarət idi.
Bəli, Türkiyə də eləcə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqdir və biz dərhal Montre konvensiyasını işə salmışıq. Bundan savayı, biz Rusiya Federasiyasını Bosfordan keçmək haqqı olan hərbi gəmilərin Qara dənizə göndərməməsinə razı salmışıq”, -deyə o bildirib.
M.Çavuşoğlu qeyd edib ki, Montre konvensiyasında açıq-aydın təlimatlar var və Türkiyə Ukraynaya dəstək üçün lazımı addımlarını adıb.
“Eyni zamanda biz tərəfləri danışıqlar masasına əyləşdirmək üçün Rusiya ilə münasibətlərimizdən istifadə etmişik”, - deyə o bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.