Bakı. Trend:
Beynəlxalq Maliyyə Korperasiyası (IFC) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxış imkanlarını artırmaq üçün dörd illik məsləhət layihəsinə başlayır.
Trend-ə bu barədə IFC-dən məlumat verilib.
Bildirilib ki, IFC-nin Məhsul və Anbar Şəhadətnamələri Layihəsi fermerlərin və aqrobizneslərin üzləşdiyi mühüm maliyyə maneələrini aradan qaldırmağa və bununla da məhsuldarlığı artırmağa çalışır.
Kənd təsərrüfatı Azərbaycanda əhalinin 37 faizini işlə təmin edən, lakin ÜDM-ə cəmi 5,5 faizi pay verən mühüm sahədir. Sektorun inkişafı və yüksək keyfiyyətli işlər üçün əsas problemlərdən biri girovların kifayət etməməsi və kənd təsərrüfatı kreditləşməsi ilə bağlı riskinlərin yüksək olması təəsüratından irəli gələn maliyyəyə məhdud çıxışdır.
Bu problemləri həll etmək üçün IFC-nin Məhsul və Anbar Şəhadətnamələri Layihəsi həm məhsul yığımından əvvəl, həm də yığımdan sonrakı mərhələdə maliyyə vəsaitlərinə çıxışı yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş innovativ maliyyə alətlərini təqdim edəcək. Bu yeni alətlər kənd təsərrüfatının riks profilinə dəstək verəcək, habelə maliyyə təşkilatlarının fermerləri və aqrobiznesləri kreditləşdirməsinin həcmini artırmağa imkan verəcəkdir.
Alətlərlə bağlı, məhsul şəhadətnamələri fermerlərə əvvəlcədən yığılmış məhsullardan girov kimi istifadə etməyə imkan verir, yüksək keyfiyyətli toxum, gübrə və digər vəsaitlərin alınması üçün kapitala çıxışı asanlaşdırır. Bu, nəinki məhsuldarlığı artırır, həm də kreditorlar üçün müştəri bazasını genişləndirir.
Anbar şəhadətnamələri isə fermerlərə yığılmış məhsuldan kreditlər üçün girov kimi istifadə etmək və ya anbara çatdırıldıqdan sonra ödəniş almaq imkanı verir; bununla da məhsul yığımından sonrakı maliyyələşdirmə həllini təmin etmiş olur.
Rəqəmsal məhsul və anbar şəhadətnamələri maliyyə inklüzivliyini və dayanıqlığını artırmaq potensialına malikdir, lakin miqyasını genişləndirmək üçün dəstəkləyici tənzimləyici çərçivələr tələb edir.
IFC-nin fəaliyyəti bu yeni maliyyə alətləri üçün qanunvericilik, tənzimləmə və siyasət çərçivəsinin formalaşması, o cümlədən onların rəqəmsallaşdırılmasını ehtiva edəcəkdir. Tələb olunan qanunvericilik və qaydalar təsdiq edildikdən sonra diqqət maliyyə sektorunun və fermerlərin potensialının artırılmasına yönəldiləcək. Bura dəyər zəncirinin maliyyələşdirilməsi üçün məhsul və anbar şəhadətnamələrindən istifadə edən biznes modellərinin inkişafı daxildir. Məhsul və anbar şəhadətnamələrini səmərəli maliyyə alətləri kimi tanıtmaq üçün ictimai maarifləndirmə təşəbbüsləri də həyata keçiriləcək.
Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. Həmin tarixdən IFC ölkəyə təxminən 900 milyon ABŞ dolları həcmində investisiya qoyub, maliyyə xidmətləri, infrastruktur və istehsal üzrə 60-a yaxın layihəni maliyyələşdirib. Həmçinin biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmənin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın, eləcə də aqrobiznes sektorunun gücləndirilməsi ilə bağlı məsləhət layihələri icra edilib.