Bakı. Trend:
Azərbaycan öz regionunda sabitliyin təmin olunmasında mühüm rol oynamağa davam edir.
Trend xəbər verir ki, bunu Yunanıstanın baş nazirinin nümayəndəsi, Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissiyasının keçmiş komissarı, Yunanıstanın keçmiş XİN rəhbəri və keçmiş milli müdafiə naziri Dimitris Avramopulos Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsində baş tutan “Geosiyasi dəyişikliklər: tərəfdaşlıqda məsuliyyət rəqabətə qarşı” mövzusunda panel müzakirələrinin gedişində bildirib.
O, Azərbaycanın vacib sabitləşdirici faktor olduğunu vurğulayaraq, beynəlxalq arenada sabitliyin təmin olunmasında oynadığı rolu qeyd edib.
Eyni zamanda, D.Avramopulos Azərbaycanın regionda sülh və təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş siyasətinə dəstək ifadə edib.
“Azərbaycan sabitliyin ən önəmli faktorlarından birinə çevrilib və biz öz fikirlərimizi tərəfdaşlarımızla böyük sevinclə bölüşürük”, - deyə o bildirib.
Bundan başqa, Avrramopulos öz çıxışında Avropanın üzləşdiyi bir sıra aktual məsələlərə, o cümlədən, miqrasiya, enerji təhlükəsizliyi və dəniz sərhədlərində məhdudiyyətlər kimi mövzulara toxunub.
Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərində "Dünya nizamının yenidən dəyərləndirilməsi: çağırışların imkanlara çevrilməsi" şüarı altında keçirilir.
Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub.
Tədbir çərçivəsində geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər əsas qlobal məsələlər müzakirə olunacaq.