Bakı. Trend:
Son illər Qlobal Bakı Forumu dünyada ən qabaqcıl platformalardan birinə çevrilib.
Trend xəbər verir ki, bunu bu gün Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
"Burada bir neçə nəsilin liderləri müdrik, dərin fikirlərini, ideyalarını paylaşdığı yerdir. Bu beynəlxalq və regional məsələlər ətrafında qurulan bir forumdur. Bu məsələlər 2025-ci ildə xüsusilə əhəmiyyətlidir, çünki bu ili hamı keçid ili kimi görür, dəyişikliklər ili kimi görür. Hazırda dünya çox fərqli bir məkana çevrilir. Çoxtərəflilik qütbləşməyə yol açır, birgə təhlüksizlik sistemini sarsıdır", - o bildirib.
Onun sözlərinə görə, qarşıda olan çağırışların birgə öhdəsindən gəlmək lazımdır.
"Düşünürəm ki, bu il Qlobal Bakı Forumunda çox önəmli məsələlər müzakirə ediləcək, burada iştirak etmək mənim üçün böyük şərəfdir. Səmimi qəlbdən inanıram ki, Qlobal Bakı Forumu fikir mübadiləsi üçün gözəl məkan olacaq", - o bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.