Bakı. Trend:
COP29 tədbirinin keçirilməsi Azərbaycan üçün böyük bir uğur idi. Biz bu forumda çoxtərəfli dialoqun inklüziv mexanizm kimi əhəmiyyətini bir daha təsdiqləyirik. Çağırışları fürsətlərə çevirmək şüarı sadəcə bir məqsəd deyil, bu bir zərurətdir.
Trend xəbər verir ki, bu sözləri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
Albaniya Prezidenti vurğulayıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artan qeyri-müəyyənlik fonunda ümid mesajlarını çatdıran mühüm bir forumdur.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.