Bakı. Trend:
Azərbaycanın qonaqpərvərliyi həm də son illərdə ən mühüm beynəlxalq platformalardan birinə çevrilmiş Qlobal Bakı Forumu vasitəsilə beynəlxalq miqyas alır.
Trend xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti xanım Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
“Qlobal Bakı Forumu ən mühüm regional və qlobal problemlərin həlli yollarını müzakirə edir. Bu, bəzilərinin dönüş nöqtəsi olacağını gözlədiyi 2025-ci ildə xüsusilə çox əhəmiyyət kəsb edir”, - deyə Şimali Makedoniya Prezidenti vurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.