Bakı. Trend:
Son 5 ildə Azərbaycanda özəlləşdirmə nəticəsində dövlət büdcəsinə 514,4 milyon manat vəsait daxil olub.
Trend-ə bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, 2020-2024-cü illərdə 52 açıq səhmdar cəmiyyətinin səhmləri, 1.237 kiçik müəssisə, obyekt və icarəyə verilmiş qeyri-yaşayış sahəsi, 2.043 nəqliyyat vasitəsi, 961 müəssisə və obyektin yerləşdiyi dövlət torpaq sahəsi özəlləşdirilib.
12 dövlət müəssisə və əmlak kompleksinin özəlləşdirilməsi isə investisiya müsabiqəsi vasitəsilə həyata keçirilib.
Hesabat dövrü ərzində özəlləşdirmə nəticəsində dövlət büdcəsinə 514,4 milyon manat vəsait daxil olub. Həmçinin, son 5 ildə özəlləşdirilmiş müəssisələrə 56,7 milyon manat investisiya yatırılıb.
Qeyd edək ki, özəlləşdirməyə açıq olan müəssisə və obyektlərdə ilkin addım kimi inventarizasiya və təşkilati restrukturizasiya tədbirləri həyata keçirilib, onların təşkilati-hüquqi formaları qanunvericiliyə uyğun olaraq dəyişdirilib, nizamnamə kapitalı mövcud bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla və müstəqil qiymətləndiricinin iştirakı ilə dəqiqləşdirilib.
2020-2024-cü illərdə uğurla özəlləşdirilən istehsal müəssisələri sırasında "Azərtütün" və "Bakı Ayaqqabı Fabriki" ASC-ləri, "Şəki Şərab", "Qərb Tekstil", "Sumqayıt Tekstil", “Bakı Alüminium Profil”, “Balaxanı Metal Konstruksiyaları”, "Bakı Mərmər Qranit" və “Bakı Beton Konstruksiyaları” MMC-ləri yer tutur.