Bakı. Trend:
13 mart 2025-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (Japan International Cooperation Agency - JICA) dəstəyi ilə “Farmakonəzarət”, “Əlavə təsirlər. Səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi”, “Risk minimallaşdırma tədbirləri” mövzularında səhiyyə mütəxəssisləri üçün seminar-treninq keçirilib.
Trend xəbər verir ki, seminar-treninqdə dövlət tibbi müəssisələrinin əməkdaşları iştirak edib.
Tədbir işrtirakçılarına farmakonəzarətin məqsədləri, farmakonəzarət sistemi, ÜST-ün Beynəlxalq Monitorinq proqramı, əlavə təsirlər, onların vacibliyi, əlavə təsirlərin təsnifatı, bildiriş kartları və onlayn bildirişlərin vacibliyi, əlavə təsirlər və dərman vasitəsi arasında səbəb-nəticə əlaqəsinin qiymətləndirilmə üsulları və risklərin müxtəlif minimallaşdırma tədbirləri barədə ətraflı məlumat verilib.
Təlimdə ümumilikdə 24 dövlət müalicə-profilaktika müəssisəsindən 29 nümayəndə iştirak edib. Seminarda iştirakçıların sualları cavablandırılıb və təcrübədən irəli gələn real nümunələrin təhlili aparılaraq, müzakirə edilib.
Tədbirin sonunda bütün iştirakçılara Analitik Ekspertiza Mərkəzi tərəfindən sertifikatlar təqdim olunub.