Bakı. Trend:
Azərbaycanda ilk dəfə Respublika Klinik Xəstəxanasının laboratoriyasında VIII faktorun Xromogen üsulu ilə müayinəsi həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, dünya miqyasında məhdud sayda ölkədə icra olunan bu müayinənin laboratoriya şəraitində işlənilməsi uğurla nəticələnib.
"Hemofiliya X xromosomu ilə əlaqəli resessiv anadangəlmə qanın laxtalanma pozğunluğu ilə müşahidə olunan xəstəlikdir. Hemofiliya xəstəliyinin diaqnostikasında qanda laxtalanma faktorlarının təyini mühüm rol oynayır.
Məlumat üçün bildirək ki, Azərbaycanda 1 750 xəstə hemofiliya diaqnozu ilə dispanser qeydiyyatındadır. Onlardan Hemofiliya A ağır forma 321 xəstə, inhibitor forma isə 44 xəstədir. Hemofiliya A inhibitorlu forma, həm də Hemofiliya A ağır forma xəstələrə profilaktik müalicə olaraq 2017-ci ilin noyabrında ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) tərəfindən xəstələrdə qanaxma epizodlarının qarşısını almaq və ya qanaxmanın tezliyini azaltmaq üçün müntəzəm profilaktika olaraq “Hemlibra” (Emicizumab) preparatı təsdiq edilib. 2022-ci ildən etibarən ölkəmizdə sözügedən preparat ilə 15 inhibitorlu xəstə təmin olunub və ölümlə nəticələnə biləcək qanaxmanın qarşısı alınıb, xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılıb",- deyə məlumata əlavə edilib.
Qeyd edilib ki, “Hemlibra” preparatı qəbul edən xəstələrdə, məsələn, əməliyyatdan öncə FVIII aktivliyinin müəyyən edilməsi tələb olunarsa, xromogen analizinin istifadəsi tövsiyə edilir.