Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən universitet-sənaye əlaqələrinin gücləndirilməsi və tələbələrin peşəkar inkişafına dəstək məqsədilə növbəti seminar keçirilib.
Trend xəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.
Bildirilib ki, AzMİU-nun 50 illik yubileyi münasibətilə reallaşan seminarda “AzerGold” QSC-nin Təmir-tikinti və texniki təminat şöbəsinin müdiri Zəka Talıbov və müdir müavini İsmayıl Hüseynzadə, İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev, Təcrübə və Karyera Mərkəzinin karyera üzrə böyük mütəxəssisi Leyla Rəhimova və tələbələr iştirak ediblər. Seminar dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu, tətbiq edilən müasir texnologiyalar və karyera perspektivləri barədə tələbə gəncləri məlumatlandırmaq məqsədi daşıyıb.
Qurumun əməkdaşları “Dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu” mövzusunda geniş təqdimatla çıxış ediblər. Təqdimatda “AzerGold” QSC-nin fəaliyyəti, ölkədə həyata keçirilən mədən hasilatı və emalı layihələri, bu proseslərdə inşaat mühəndislərinin üzərinə düşən mühüm vəzifələr, qarşılaşdıqları texniki çağırışlar və onların həlli yollarından bəhs olunub.
Qeyd edilib ki, AzMİU və QSC arasında təhsil, elmi araşdırmalar, ixtisasartırma və tələbələrin məşğulluğu sahəsində əməkdaşlığa dair 8 noyabr 2017-ci il tarixində memorandum imzalanıb. Bu strateji tərəfdaşlıq nəticəsində bu günə qədər tələbələrin karyera inkişafına yönəlmiş müxtəlif seminarlar, təlimlər və praktik proqramlar həyata keçirilib.
Bildirək ki, Universitet və sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsi AzMİU-nun kadr hazırlığı siyasətinə mühüm töhfə verməklə yanaşı, tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, onların əmək bazarına hazırlıqlı şəkildə inteqrasiyasına və ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradır.