Bakı. Trend:
Ermənistan keçmişin kabusları ilə bugünün sərt reallıqları arasında parçalanmış vəziyyətdədir. Kabuslar ərazi iddiaları ambisiyalarının xəyali ağrılarından başqa bir şey deyil və onlar uzun illərdir ki, erməni siyasətini Cənubi Qafqazın iltihablı yarasına çevirib. Ola bilsin ki, problem ermənilərin kollektiv şüurunda, yalan tarixində və plagiatla kompilyasiyalar üzərində bərqərar olmuş mədəniyyətindədir.
Ola bilər.
Amma indi ən ciddi problem Ermənistan Konstitusiyasındadır ki, burada ərazi iddiaları hüquqi qaydada möhkəmləndirilmiş və südh istiqamətində atılan bütün addımları ləngidən bir dogmaya çevrilmişdir.
Erməni siyasi elitası uzun illərdir millətçi ideologiyanı təşviq edərək cəmiyyətə guya onların ölkəsinin "müqəddəs haqqı" olduğu fikrini təlqin edib. Belə illüziyaların hesabını isə müharibə girdabına sürüklənmiş on minlərlə insan qanı və göz yaşları ilə ödəyib. "Böyük Ermənistan" miflərinin arxasında dağılmış evlər, viran olmuş torpaqlar və milyonlarla məhv olmuş talelər gizlənirdi. İrəvan rəsmi şəkildə Azərbaycan və Türkiyə torpaqlarına olan konstitusiya iddialarından imtina etməyənə qədər Cənubi Qafqazda sülhə nail olmaq mümkün deyil.
Bu gün Ermənistan uçurumun kənarında dayanıb. Paşinyan Konstitusiya islahatlarını daxili siyasət aktı kimi təqdim etməyə çalışır, lakin əslində bu addım çoxdan geosiyasi imperativə çevrilib. İrəvan revanşist illüziyalarını kənara qoymasa, Ermənistan təcrid vəziyyətində qalacaq və daha qonşuları onun aqressiyasını qəbul etməyə hazır deyil.
Ermənistan Konstitusiyası sadəcə, süni olsa da, ermənilərin ölkəsinin ali qanuni yox, həm də regional təhlükəsizlik təməli altına yerləşdirilmiş minadır. Bu sənəddə ərazi iddiaları hüquqi şəkildə mövcud olduğu müddətcə Ermənistan qeyri-sabitliyin və potensial müharibənin mənbəyi olaraq qalacaq. Amma vaxt daralır. Ya Ermənistan keçmişin kabuslarından imtina edəcək, ya da öz ambisiyalarının ağırlığı altında çökərək öz mifinin taleyini yaşayacaq.
Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsi təqdim etməyi planlaşdırır və bu sənədin "Azərbaycanın tələbi ilə" hazırlanmadığını, lakin regional əhəmiyyət daşıyacağını bildirir. Bu barədə Nikol Paşinyan bir qrup vətəndaşla görüşü zamanı bəyan edib.
Paşinyan vurğulayıb ki, 2018-ci il inqilabı ilə bağlı yeni Konstitusiya gündəmi mövcud olub. "Həmin dövrdə bunu mümkün saymadım, çünki 2019-cu il aprelin 9-da qüvvəyə minmiş və bu gün də qüvvədə olan Konstitusiya var idi. Həmin vaxtdan bəri yeni Konstitusiya məsələsi gündəmdə idi və həmin əsaslandırma bu gün daha genişləndirilib. İki ay əvvəl qüvvəyə minmiş Konstitusiyanı dəyişmək qeyri-məntiqli olardı. Bu qeyri-məntiqilik nədən qaynaqlanırdı? Məsələ səbəbin yox olmasında deyildi, sadəcə o vaxt bu sual yenə yaranacaqdı: parlament sistemi, yoxsa yarı-prezident sistemi? Parlamentarizm cəmi 1-2 ay qüvvədə olduğu halda bu suala cavab vermək çox çətin olardı. Lakin yeni Konstitusiya məsələsi çox vacibdir. 2018-ci ildə özüm üçün yaratdığım əsaslandırma bir tərəfdən, baş nazir kimi vəzifə və statusumda dərk etdiyim yeni əsaslandırma isə digər tərəfdən bu mövzunu daha da aktuallaşdırır", – deyə o bildirib.
Paşinyan qeyd edib ki, onun fikrincə, Konstitusiya ölkədə insanların yaşamaq və qarşılıqlı əlaqə qaydaları ilə bağlı razılaşması olmalıdır. O əlavə edib ki, onun təklif etdiyi Konstitusiya "Azərbaycanın tələbi ilə deyil, regional əhəmiyyət" daşıyacaq.
"Yeni Konstitusiya ilə bağlı təklifim geniş müzakirə olunub və onu Azərbaycanın irəli sürdüyü tələb kimi təqdim ediblər. Əslində, 'Real Ermənistan' ideologiyası çərçivəsində bu, tamamilə fərqli məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mümkün olacaq mətnin regional əhəmiyyət daşıyacağını inkar etmək olmaz, bu, istənilən Konstitusiyaya aiddir", – deyə Paşinyan bildirib.
Ermənistanın 1995-ci ildə qəbul edilmiş və bir sıra dəyişikliklərə məruz qalmış mövcud Konstitusiyası həm Azərbaycana, həm də Türkiyəyə qarşı birbaşa və ya dolayı şəkildə ərazi iddialarını təsdiqləyən müddəaları ehtiva edir. Xüsusilə, əsas qanunun preambulasında 1990-cı il avqustun 23-də qəbul edilən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilir ki, bu bəyannamə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi elan edir. Bu sənəd Ermənistan dövlətçiliyinin əsasını təşkil edib və ərazi iddialarının irəli sürülməsi üçün birbaşa hüquqi alət rolunu oynayıb.
Bundan əlavə, Ermənistan Konstitusiyası Müstəqillik Bəyannaməsinə istinad edərək "Qərbi Ermənistan" konsepsiyasını da təsbit edir ki, bu da Türkiyənin şərqindəki geniş ərazilərə, o cümlədən Qars, Ardahan və hətta Ərzurum kimi şəhərlərə iddiaları ehtiva edir. Bu iddialar təkcə Türkiyə və Azərbaycanın suverenliyinə təhlükə yaratmır, eyni zamanda bütün regionda daimi gərginlik və qeyri-sabitlik riski doğurur.
Ermənistanın milli qanunvericiliyində ərazi iddialarının mövcudluğu beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. Belə ki, BMT Nizamnaməsinin 2-ci maddəsi güc tətbiqi və ərazi iddialarını açıq şəkildə qadağan edir. 1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktı Avropa və postsovet məkanında sərhədlərin toxunulmazlığı prinsipini təsbit edir. Və 1991-ci ildə bütün keçmiş SSRİ respublikaları, o cümlədən Ermənistan tərəfindən imzalanmış Almatı Bəyannaməsi ittifaq respublikalarının mövcud inzibati sərhədlər çərçivəsində tanınmasını təsbit edir.
Ermənistan Konstitusiyasında ərazi iddialarının mövcudluğu bu beynəlxalq normaların açıq-aşkar pozulmasıdır. Nəticə etibarilə, bu cür müddəaların olması istənilən sülh sazişinin, o cümlədən Azərbaycanla potensial sülh müqaviləsinin qanuniliyini şübhə altına alır. Rəsmi İrəvan qanunvericilikdə yad torpaqlara iddialarını hüquqi əsasda saxladığı müddətcə Cənubi Qafqazda sülh yalnız xülyadan ibarət olacaq.
Azərbaycan dəfələrlə sülh müqaviləsinin imzalanmasına çağırış edərək, Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasını əsas şərt kimi irəli sürüb. Bu yanaşma beynəlxalq normalara tam uyğundur, çünki sülh sazişləri yalnız qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması əsasında mümkündür.
Ermənistanın təxribatçı siyasətinin tarixi konteksti göstərir ki, bu ölkə onilliklər boyu aqressiv ərazi iddialarına əsaslanan siyasət yürüdüb. 1988-ci ildən başlayaraq, erməni separatçılarının "öz müqəddəratını təyinetmə" bəhanəsi altında İrəvan ardıcıl şəkildə Azərbaycan torpaqlarını işğal edib. Qarabağın işğalı, ona bitişik yeddi rayonun zəbt edilməsi və kütləvi etnik təmizləmələr Ermənistan Konstitusiyasında təsbit edilmiş ərazi iddialarının birbaşa nəticəsi olub.
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra İrəvan öz yanaşmalarına yenidən baxmaq və qanunvericiliyini beynəlxalq hüquqa uyğunlaşdırmaq əvəzinə, Konstitusiyada təhlükəli müddəaları saxlamağa davam edir.
Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması yalnız Ermənistan Konstitusiyasında ərazi iddialarının ləğv edilməsi halında mümkündür. Regional xüsusiyyətlər və Rusiya, Türkiyə və İran kimi böyük geosiyasi oyunçuların iştirakını nəzərə alaraq, istənilən sülh sazişi beynəlxalq hüquqa əsaslanmalı və hüquqi zəmanətlərlə möhkəmləndirilməlidir.
Ermənistan Konstitusiyasına dəyişikliklər edilmədən sülh müqaviləsi yalnız formal xarakter daşıyacaq və real sabitlik təmin etməyəcək.
Cənubi Qafqazın gələcəyi bilavasitə Ermənistanın öz dağıdıcı ərazi iddialarından nə dərəcədə imtina edəcəyindən asılıdır. Beynəlxalq ictimaiyyət İrəvana öz qanunvericiliyini beynəlxalq normalara uyğunlaşdırmaq üçün təzyiq göstərməlidir.
Yalnız Almatı Bəyannaməsində təsbit edilmiş sərhədlərin aydın şəkildə tanınması və Ermənistan Konstitusiyasından ərazi iddialarının tamamilə çıxarılması Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün zəmin yaradacaq. Ermənistan bu addımı təkcə qonşuları ilə münasibətlərin normallaşması üçün deyil, həm də revanşist illüziyalar və yalançı tarixi iddialardan azad, gələcəkdə daha sabit və inkişaf edən bir dövlət naminə atmalıdır.
Ermənistan Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarının yer alması təsadüfi epizod deyil, erməni siyasi elitasının uzunmüddətli strategiyasının bir hissəsidir. Bu siyasət ərazi ambisiyalarını əsaslandırmaq məqsədilə onilliklər boyu münaqişələri, qeyri-sabitliyi və dinc əhali arasında qurbanları artırıb.
İrəvanın Konstitusiyadan ərazi iddialarını çıxarmaqdan imtinası təkcə sülh prosesini ləngitmir - bu, eyni zamanda yeni münaqişənin başlama ehtimalı üçün siqnaldır. Ermənistanın qanunvericiliyində ərazi ambisiyaları qaldığı müddətcə istənilən sülh sazişi yalnız müvəqqəti barışıq olacaq.
Nikol Paşinyan yeni Konstitusiyanın hazırlanması barədə danışarkən daxildəki millətçi dairələrin təzyiqləri ilə Azərbaycanın və beynəlxalq ictimaiyyətin tələbləri arasında manevr etməyə çalışır. Lakin Ermənistanın yeni Konstitusiyası revanşist ritorikadan imtina etmədiyi halda, bu dəyişiklik qeyri-sabitliyin və yeni müharibə təhlükəsinin davamı anlamına gələcək.
Cənubi Qafqazda sülh üçün vacib addımlara gəldikdə isə, onların arasında ilk yeri Ermənistan Konstitusiyasından ərazi iddialarının tam çıxarılması tutur. Çünki "Qərbi Ermənistan" barədə preambula və Müstəqillik Bəyannaməsinə istinadlar ləğv edilməlidir. Bundan başqa, Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı tanımalıdır. Habelə, Ermənistanın təhsil sistemi onilliklər boyu gəncləri qonşu xalqlara nifrət ruhunda tərbiyə edib ki, bu da uzunmüddətli sabitlik üçün ciddi təhlükədir.
... Bu gün Ermənistanın keçmişin aqressiv siyasətindən imtina edərək qonşuları ilə dinc yanaşı yaşama yoluna qədəm qoymaq şansı var. Lakin bu yol yalnız qəti addımlarla - Konstitusiyadan ərazi iddialarının çıxarılması və beynəlxalq öhdəliklərin tanınması ilə mümkündür.
Ermənistanın siyasi elitası anlamalıdır ki, revanşizm və aqressiya onlara qələbə gətirməyəcək. Əksinə, ərazi ambisiyalarına əsaslanan siyasətin davam etdirilməsi Ermənistanın təcrid vəziyyətini gücləndirəcək və regionda iqtisadi inkişaf və sabitlik perspektivlərini təhlükə altına alacaq.