Bakı. Trend:
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Bakı bəyannaməsinin qəbul olunmasını miqrasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken Bakıda keçirilən Almatı Prosesinin III nazirlər konfransında etdiyi çıxış zamanı bildirib.
O vurğulayıb ki, bəyannamə “regional əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin olunmasına” töhfə verəcək. Erkenin sözlərinə görə, sənəddə əks olunan müddəalar Qlobal Miqrasiya Paktı və OİM-nin strateji planı ilə uyğunluq təşkil edir və bu sənədlərdə əməkdaşlıq və əlaqələndirilmiş tədbirlər ön plana çəkilir.
Erken qeyd edib ki, Almatı Prosesi iştirakçı-ölkələr və müşahidəçi dövlətlər üçün mühüm platforma olaraq qalmaqdadır və “regionda miqrasiyanın əhəmiyyətinin artdığı və yaxın gələcəkdə də aktual olaraq qalacağı bir şəraitdə həm formal, həm də qeyri-formal fikir mübadiləsi üçün unikal imkanlar yaradır”.
Statistik məlumatlara toxunan Erken bildirib ki, Almatı Prosesi iştirakçısı olan ölkələrin hüdudlarından kənarda təxminən 8 milyon vətəndaş yaşadığı halda , bu ölkələrin daxilində olan xarici miqrantların sayı 9,5 milyon təşkil edir . Daha geniş çərçivədə – iştirakçı, müşahidəçi və dəvət olunmuş ölkələr üzrə bu rəqəmlər müvafiq olaraq 22 milyon vətəndaş və 25 milyon xarici miqrant təşkil edir.
O, həmçinin əmək miqrasiyası sahəsində müsbət dəyişiklikləri də qeyd edib: “Region ölkələri arasında əmək miqrasiyası üzrə razılaşmaların sayının artdığını müşahidə etmək bizi sevindirir,” - deyə Erken bildirib və əlavə edib ki, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin vətəndaşları artıq sərbəst hərəkət və əmək bazarına çıxış hüququndan istifadə edirlər.