Bakı. Trend:
Coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Azərbaycan və Vyetnam praqmatik yanaşmaya və əsas sahələrdəki ümumi maraqlara söykənərək dayanıqlı və qarşılıqlı faydalı əlaqələr qurmaqdadır.
Bu gün Azərbaycan ölkədə rəsmi səfərdə olan yüksək səviyyəli qonağı – Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi To Lamanı qəbul edəcək. Son illərdə ilk dəfə belə yüksək səviyyədə olan bu səfər Bakı ilə Hanoy arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət qatır. O, təkcə siyasi dialoqun rəmzi olmayacaq, həm də tərəfdaşlığın bundan sonra daha da genişləndirilməsi istiqamətində atılmış konkret addım olacaq.
İki ölkə arasında əməkdaşlıq son illər ərzində nəzərəçarpacaq dərəcədə aktivləşib: ticarət dövriyəsinin həcmi artır, neft-qaz sahəsində əlaqələr inkişaf edir, kiçik və orta biznesin qarşılıqlı əlaqəsi üçün platformalar yaradılır. Paralel olaraq mədəni dialoq möhkəmlənir və nəqliyyat və logistika sferasında, ələlxüsus da, Azərbaycanın tranzit qovşaq olaraq artan əhəmiyyəti fonunda – yeni perspektivlər açılır.
Qlobal iqtisadi sistemin dəyişdiyi və bir çox ölkələrin xarici iqtisadi əlaqələrini şaxələndirməyə çalışdığı şəraitdə, Vyetnamın Azərbaycanla əməkdaşlığa marağı tamamilə məntiqli görünür. Bakıda keçiriləcək danışıqlar daha strukturlaşdırılmış, strateji və uzunmüddətli nəticələrə yönəlmiş tərəfdaşlığa keçid üçün başlanğıc nöqtəsi ola bilər.
Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlıq sabit müsbət dinamika nümayiş etdirməkdədir. 2025-ci ilin ilk üç ayında ikitərəfli ticarət dövriyyəsinin həcmi 127,2 milyon dollar təşkil edib. Bunun 91,8 milyon dolları məhz Azərbaycandan Vyetnama ixrac olunan xam neftin payına düşür (xam neft Azərbaycanın ixrac etdiyi əsas məhsul olub). Azərbaycana idxal isə 35,4 milyon dollar olub. Müqayisə üçün 2024-cü il ərzində iki ölkə arasında ticarət əməliyyatlarının ümumi həcmi 223,9 milyon dollar təşkil edib ki, bu da iqtisadi əlaqələrin davamlı artımını göstərir.
İşgüzar münasibətlərin inkişafında mühüm addımlardan biri də 2024-cü ildə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnamın Beynəlxalq Biznes Əlaqələri Klubu arasında sazişlərin bağlanması olub. Bu addım iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin möhkəmləndirilməsinə və birgə layihələr üçün platformaların yaradılmasına yönəlib.
Enerji sektoru Azərbaycan-Vyetnam əməkdaşlığının əsas dayaqlarından biri olaraq qalmaqdadır. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcılarından biridir. Yalnız 2024-cü ildə Azərbaycandan 138,5 min ton xam neft və neft məhsulları ixrac olunub, bu isə 77,9 milyon ABŞ dolları dəyərindədir. Həmin il neft alışı baxımından Vyetnam alıcı ölkələr arasında 21-ci yeri tutub.
SOCAR ilə Vyetnamın aparıcı enerji şirkətləri – “PetroVietnam” və “Vietsovpetro” arasında yataqların kəşfiyyatı, neft tədarükü və emalı sahələrində əməkdaşlıq artıq on ildən çoxdur ki, davam edir. 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında saziş və 2018-ci ildə birgə müəssisələrin yaradılması barədə qəbul olunmuş qərar bu istiqamətdə mühüm mərhələlər hesab olunur.
Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də SOCAR Trading şirkətinin 2020-ci ildə BSR ilə bağladığı müqavilələrdir. Bu müqavilələr çərçivəsində “Dung Quat” Neft Emalı Zavoduna beş milyon barrel “Azeri Light” nefti tədarük olunub. Bu, Vyetnamın xam neft idxalına tətbiq etdiyi rüsumu ləğv etməsindən sonra mümkün olub və Azərbaycan neftinə yeni ixrac imkanları açıb.
Azərbaycanın geostrateji mövqeyini və Orta Dəhliz (Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu) çərçivəsində multimodal infrastrukturun inkişafını nəzərə alaraq, Vyetnam öz məhsullarının Avropa bazarlarına çatdırılması üçün Azərbaycanın tranzit potensialından istifadədə maraqlıdır.
Azərbaycan sayəsində Orta Dəhliz davamlı inkişaf əldə edib: ölkə dəniz limanlarının, dəmir yollarının və logistika mərkəzlərinin müasirləşdirilməsinə investisiya qoyub. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və inkişaf etmiş dəmir yolu infrastrukturuna malik olan Azərbaycan Avrasiya məkanında əsas logistik mərkəzə çevrilib. Bütün bunlar Azərbaycanın qlobal tədarük zəncirlərində mühüm halqaya çevrilməsini təmin edir və vyetnamlı ixracatçılara Cənubi Çin dənizi və Suveyş kanalı kimi ənənəvi, daha uzun yolları keçmədən yeni marşrutlar təklif edir.
İqtisadiyyat və energetika ilə yanaşı, humanitar və mədəni əlaqələr də ikitərəfli münasibətlərdə getdikcə daha mühüm rol oynayır. Vyetnamda Azərbaycan tarixi və mədəniyyətini öyrənmə mərkəzi, eləcə də iki ölkə xalqları arasında əlaqələrin genişlənməsinə dəstək verən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir.
2018-ci ildən etibarən Azərbaycan vətəndaşları 30 gün müddətinə elektron vizadan istifadə etməklə Vyetnama səfər edə bilirlər. 2019-cu ildə isə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Kuanqnam əyalətinin hakimiyyəti arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd turizm mübadiləsinin aktivləşdirilməsinə və qonaqpərvərlik sahəsində birgə layihələrin inkişafına yönəlib. Azərbaycan və Vyetnam həmçinin, təhsil sahəsində əməkdaşlığa maraq göstərirlər ki, bu da tələbə və elmi kadr mübadiləsi üçün imkanlar yaradır.
Azərbaycan və Vyetnam arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir, enerji, ticarət, nəqliyyat və mədəniyyət kimi əsas sahələri əhatə edir. To Lamın Bakıya səfəri ikitərəfli dialoqda mühüm mərhələ olacaq və tərəfdaşlığın dərinləşdirilməsinə qarşılıqlı marağı nümayiş etdirəcək.
Bir tərəfdə inkişaf edən sənaye potensialına malik Vyetnam, digər tərəfdə isə strateji yerləşmə və yüksək logistika və enerji potensialı ilə seçilən Azərbaycan. Bu, bir-birini tamamlayan üstünlüklər - iki ölkə arasında hər iki xalqın maraqlarına cavab verən əməkdaşlığın yeni mərhələsinə möhkəm zəmin yaradır.