Bakı. Trend:
Son illər Vyetnam ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi müşahidə olunur. Pandemiyadan sonra iki ölkə arasındakı ticarət dövriyyəsində də artımlar müşahidə edilməkdədir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, 2021-ci ildə 185.7 milyon dollar qarşılıqlı dövriyyə qeydiyyat alınmışdırsa, bu göstərici ötən il 223.9 milyon dollaradək yüksəlib:
"Bununla yanaşı, 2022-ci və 2023-cü illərdə daha böyük ticarət dövriyyələri qeydə alınıb: müvafiq olaraq 594.6 milyon və 482.1 milyon dollar.
Azərbaycan ilə Vyetnam arasında iqtisadiyyatın bir sıra sahələrində, xüsusən də turizm sektorunda və qarşılıqlı sərmayə qoyluşları istiqamətində əməkdaşlıq imkanları yüksəkdir. Ölkələrin paytaxtları arasında birbaşa hava nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı aparılan müzakirələr turzim sahəsində əməkdaşlığa xüsusi töhfə verə bilər".
"Vyetnamın xidmət və turizm sektoru Azərbaycan sahibkarlı üçün də sərmayə qoyuluşu aspektindən cəlbedici hesab olunur. Son illər bu ölkəyə investisiya qoyuluşu həyata keçirmək istəyən yerli sahibkarların sayı artmaqdadır. Eyni zamanda, Azərbaycanın emaledici qida, aqrar və xidmət sahələri də Vyetnam biznesi üçün cəlbedicidir.
Bütövlükdə, ölkələr arasında əməkdaşlıq potensialı kifayət qədər yüksəkdir. Vyetnam rəhbərinin Azərbaycana dövlət səfəri münasibətlərin daha da dərinləşməsində yeni bir səhifə açacaq", - deyə deputat əlavə edib.