...

BMT komitə iclasında Azərbaycanın sosial-iqtisadi nailiyyətləri vurğulanıb

Siyasət Materials 10 Oktyabr 2025 01:50 (UTC +04:00)
BMT komitə iclasında Azərbaycanın sosial-iqtisadi nailiyyətləri vurğulanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Üçüncü Komitənin (“Sosial inkişaf”) iclasında Azərbaycanın sosial-iqtisadi sahədə həyata keçirdiyi islahatlar və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) doğru əldə etdiyi irəliləyişlər barədə məlumat təqdim edilib.

Trend xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Haciyev iclasda çıxış edərək bu istiqamətdə görülən işlərdən danışıb.

O bildirib ki, ölkədə əhalinin rifahının, sosial müdafiəsinin və həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

“Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi müəyyən edilmiş hədəflər əsasında genişmiqyaslı tədbirləri özündə ehtiva edir. Azərbaycan 2024-cü ildə təqdim etdiyi dördüncü Könüllü Milli İcmal vasitəsilə 2021–2024-cü illər ərzində götürdüyü öhdəliklərin icrası barədə ətraflı məlumat verib və 2030-cu ilədək nəzərdə tutulan DİM-lərə doğru irəliləyişini nümayiş etdirib,” – deyə diplomat qeyd edib.

Şəhriyar Haciyev vurğulayıb ki, son on il ərzində həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə minimum aylıq əməkhaqqı 3,3 dəfə, minimum pensiya məbləği isə 2,4 dəfə artıb.

O həmçinin Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma istiqamətində əldə etdiyi uğurlardan bəhs edib:

“Hökumət bu prosesdə mina təmizlənməsi, infrastrukturun bərpası, iqtisadi və sosial inkişaf, eləcə də ekoloji davamlılıq kimi prioritet istiqamətlərə xüsusi diqqət ayırır. Mina təhlükəsinin aradan qaldırılması, maarifləndirmə və zərərçəkmişlərə dəstək kimi sahələrdə təcili ehtiyacları nəzərə alaraq Azərbaycan 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini qəbul edib. Təəssüf ki, münaqişədən sonrakı dövrdə Azərbaycanda mina qurbanlarının sayı 409 nəfərə çatıb ki, bu da bu sahədə hesabatlılığın artırılmasını və adekvat beynəlxalq yardımın göstərilməsini tələb edir,” – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti