Bakı. Trend:
Amerika-Azərbaycan Ticarət Palatası (USACC) Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində ABŞ-nin rəqəmsal texnologiyalar üzrə ticarət missiyasını təşkil edir. Ticarət missiyası 17–21 noyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək Dünya Telekommunikasiya İnkişaf Konfransı 2025 çərçivəsində baş tutacaq.
Trend bu barədə USACC-yə istinadən məlumat verir.
Bildirilib ki, missiyanın məqsədi rəqəmsal texnologiyalar və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində aparıcı Amerika şirkətləri ilə Azərbaycanın dövlət qurumları, özəl sektoru, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Tərəflər sürətlə inkişaf edən rəqəmsal iqtisadiyyat çərçivəsində əməkdaşlıq perspektivlərini, investisiya imkanlarını və tərəfdaşlıqların inkişafını müzakirə edə biləcəklər.
Qeyd edək ki, Dünya Telekommunikasiya İnkişaf Konfransı Beynəlxalq Telekommunikasiya İttifaqının əsas tədbirlərindən biridir və dörd ildən bir keçirilir. Konfrans rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal uçurumu azaltmaq və ümumi qoşulmanı təmin etmək məqsədi daşıyır.
2025-ci ildə Azərbaycan bu mötəbər tədbirə 17–28 noyabr tarixlərində ev sahibliyi edəcək. Tədbirdə hökumət nümayəndələri, özəl sektor və akademik dairələr daxil olmaqla, 1000-dən çox beynəlxalq liderin iştirakı gözlənilir. Konfrans iştirakçılara İKT və telekommunikasiya sahəsində qlobal inkişaf strategiyasının formalaşdırılması üçün yüksək səviyyəli platforma təqdim edəcək.
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində, USACC bu mühüm beynəlxalq forumda Amerika şirkətlərinin innovativ texnologiyalarını və həllərini təqdim edəcək.