Bakı. Trend:
Biz erkən mərhələli startaplara investisiya yatırırıq və "FinTech", yəni maliyyə texnologiyaları bizim əsas yatırım istiqamətlərimizdən biridir. Hətta Azərbaycan mənşəli "ePoint" startapı da bizim investisiya etdiyimiz layihələrdən biridir və bu tədbirin tərəfdaşlarından olması bizim üçün xoş bir təsadüfdür. Onları burada görmək ayrıca sevindiricidir.
Trend xəbər verir ki, bunu Avropada fəaliyyət göstərən "Startup Wise Guys" vençur fondunun baş tərəfdaşı Güncə Önür Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
Onun sözlərinə görə, "FinTech" dedikdə bu anlayış tək bir sahə ilə məhdudlaşmır, əslində, 20-dən çox alt istiqaməti əhatə edir: "Çünki “pul” anlayışı təkcə ödənişlərlə məhdudlaşmır. İnsanların gündəlik həyatına toxunan bir çox sahələr bu anlayışın tərkib hissəsidir.
"FinTech"ə ümumi baxdıqda görürük ki, bu sahə təkcə Türkiyə və ya Azərbaycan üçün deyil, bütün dünyada vençur kapitalı investisiyalarında ilk üç yerdə qərarlaşan istiqamətlərdəndir".
G. Önür vurğulayıb ki, güclü "FinTech" ekosisteminə malik bir ölkə təkcə bu sahədə uğurlu şirkətlərin mövcudluğu demək deyil, bu, həm də həmin ölkənin bankçılıq sisteminin güclü olması deməkdir: "Bu isə beynəlxalq pul köçürmələrinin daha rahat aparılmasına şərait yaradır. Nəticə etibarilə, bu sahə yalnız yerli əhalinin deyil, qlobal investorların və beynəlxalq şirkətlərin də diqqətini həmin ölkəyə yönəldir. Bununla da daha böyük kapital axınından və böyüyən iqtisadiyyatlardan danışmaq mümkün olur.
"FinTech" bizim üçün təkcə investisiya etdiyimiz bir sahə deyil, həm də toxunduğu bütün ekosistemlərə təsir edən bir istiqamətdir. Pul və maliyyə ilə birbaşa əlaqəli olduğuna görə bu sahənin tənzimlənməsi də qaçılmazdır və qaydalar burada daha sərt olur. Çünki bu, təbii olaraq riskləri də özündə daşıyır.
Yeni "FinTech" şirkətləri qurmaq istəyən startaplar üçün bu qaydalar, alınmalı icazələr və lisenziyalar bəzən çətinlik yaratsa da, bu baryerləri aşdıqdan sonra həmin qaydalar onlara qoruyucu bir çərçivə təmin edir. Çünki "FinTech" sahəsində etibar və güvən əsas şərtdir".
G. Önür qeyd edib ki, onlar investorlar üçün "FinTech" startaplarını dəyərləndirərkən ilk olaraq komandanın keyfiyyətinə baxırlar: "Güclü, işini bilən və sahədə təcrübəsi olan komandalar bizim üçün ən vacib kriteriyadır. Sonrakı mərhələdə isə biz startapın hələ məhsulu bazara çıxarmamış olsa belə, doğru tərəfdaşlarla işləyib-işləmədiyini, ekosistemdə əlaqələr qurmağa çalışıb-çalışmadığını yoxlayırıq: Onlar ev tapşırıqlarını, yəni araşdırma və təhlillərini, düzgün aparıblarmı? Rəqabətin və tənzimləyici tələblərin fərqindədirlərmi? Bunlar bizim üçün çox önəmlidir".
"Ümumilikdə, vençur kapital investorları üçün "FinTech" çox strateji bir sahədir və biz bu sahəyə aktiv şəkildə investisiya yatırırıq. Hətta dünyada belə bir deyim var: “Hər bir startap bir gün "FinTech" startapına çevriləcək". Yəni "FinTech" təkcə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərənlər üçün yox, digər sahələrdə çalışan startaplar üçün də cəlbedici istiqamətdir.
Buna görə də dünyanın ən böyük vençur fondları "FinTech" sahəsinə investisiya yatırır. Bəli, burada müəyyən çətinliklər var. Amma bu çətinliklər əslində sektoru qorumaq üçün mövcuddur. Ona görə də tənzimləyici mühitlə mübarizə aparmaqdan daha vacibi bu qaydaların səbəbini başa düşmək və onları necə aşmağı öyrənməkdir. Bu da girişimçilər üçün ən dəyərli bacarıqlardan biridir", - deyə G. Önür vurğulayıb.