Bakı. Trend:
BMT maliyyə çatışmazlığı səbəbindən sülhməramlı qüvvələrin sayını təxminən 25 faiz azaltmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, dünyada həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edən şəxsi heyətin sayı 13–14 min nəfər azaldıla bilər. Bu addım maliyyə vəsaitlərinin çatışmazlığı ilə əlaqələndirilir.
Rəsmi qeyd edib ki, üzv dövlətlər tərəfindən ödənişlərin gecikdirilməsi və bəzilərinin ümumiyyətlə vəsait ayırmaması BMT-nin fəaliyyətinə ciddi təsir göstərir.
Təşkilatın ən böyük donorlarından biri olan ABŞ da daxil olmaqla bir neçə ölkə BMT-nin müntəzəm büdcəsinə və sülhməramlı əməliyyatlara ümumilikdə təxminən 3 milyard dollar borcludur. Bunun 1,5 milyard dolları əsas büdcəyə, qalan hissəsi isə sülhməramlı missiyaların xərclərinə aiddir.