...

Ümumdünya Kosmos Həftəsi çərçivəsində təlimlərə start verilib (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2025 18:13 (UTC +04:00)
Ümumdünya Kosmos Həftəsi çərçivəsində təlimlərə start verilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində “STEAM təhsilində müasir çağırışlar və gələcək imkanlar” adlı təlim proqramının açılış mərasimi baş tutub.

Trend xəbər verir ki, tədbir Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı və “Space Camp Türkiye” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “STEAM Azerbaijan” layihəsinin dəstəyi ilə həyata keçirilib. Rəsmi açılış mərasimi zamanı iştirakçılara Beynəlxalq Kosmik Stansiyanın modeli təqdim olunub və lentkəsmə mərasimi keçirilib.

İki gün davam edəcək təlimlərdə müəllimlər üçün xüsusi proqram təqdim olunub. Təlimlərdə Türkiyənin İzmir şəhərində yerləşən və dünyada tanınmış kosmik düşərgə olan “Space Camp Türkiye”nin nümayəndə heyəti iştirak edir. “Space Camp Türkiye”nin nümayəndələri azərbaycanlı müəllimlərlə öz təcrübələrini bölüşərək, STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) istiqamətində tətbiq olunan beynəlxalq təcrübə və metodologiyaları təqdim edəcəklər.

Təlimlərin əsas məqsədi müəllimlərin STEAM sahəsində müasir yanaşmalar və qlobal təcrübə ilə tanışlığını təmin etmək, bu biliklərin Azərbaycan təhsil sisteminə inteqrasiyasına dəstək göstərmək və gənc nəslin kosmos, texnologiya və elmi sahələrə marağını artırmaqdır.

2000-ci ildən fəaliyyət göstərən və ABŞ-ın Alabama ştatındakı "Space Camp"dan sonra dünyada ikinci belə düşərgə olan "Space Camp Türkiye", il ərzində 60-dan çox ölkədən 260.000-dən çox məktəblini qəbul edir. Düşərgə 9-16 yaş arası şagirdlər üçün nəzərdə tutulmuş müxtəlif proqramlar vasitəsilə yalnız nəzəri biliklər deyil, eyni zamanda 2D, 3D və 4D texnologiyaları, interaktiv kosmik missiya simulyatorları ilə zənginləşdirilmiş praktiki təcrübələr təqdim edir.

Düşərgə həmçinin, məktəblilərin komanda işi, liderlik, tənqidi düşüncə və qlobal ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə geniş miqyaslı proqramlar həyata keçirir. Hər il keçirilən “Qalaktika Yay Düşərgəsi” çərçivəsində iştirakçılar “Aya kosmik missiyalar”, “Marsda kolonizasiya”, “Astronavt simulyatorları” və digər elmi-əyləncəli fəaliyyətlərdə iştirak edərək beynəlxalq sertifikatla təltif olunurlar.

Xəbər lenti

Xəbər lenti