Bakı. Trend:
İsrailli hərbçilər açıq dənizdə Qəzza zolağına doğru üzən daha bir gəmi qrupunu saxlayıb.
Trend xəbər verir ki, bu barədə ölkənin XİN məlumat yayıb.
“Qəzza zolağının qanuni dəniz blokadasını yarmaq və hərbi əməliyyatların getdiyi zonaya daxil olmaqla bağlı növbəti cəhd boşa çıxıb. Gəmilər və sərnişinlər İsrail limanına çatdırılıb. Bütün sərnişinlər sağ-salamatdır və onların ən yaxın zamanda deportasiya olunacağı gözlənilir”, - nazirliyin bəyanatında deyilir.
“The Times of Israel” nəşrinin məlumatına görə, söhbət “Azadlıq flotiliyasının koalisiyası”na daxil olan doqquz gəmidən ibarət qrupdan gedir. Onların göyərtəsində Qəzza blokadasını yarmağa çalışan 100-ə yaxın fələstinyönümlü fəallar olub. Onlar təxminən iki həftə əvvəl İtaliyanın bir limanından yola çıxıblar.