Bakı. Trend:
Bu ilin sentyabrın 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 71 milyon ədəd həcmdə 3,4 milyard manat emal olunmuş ödəniş əməliyyatları aparılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 14,8 milyon ədəd və ya 26,3%, məbləğ baxımından isə 766 milyon manat və ya 29% çoxdur.
Bundan başqa, 2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 26,9 min ədəd həcmdə 6,7 milyon ABŞ dolları məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 4,6 min ədəd və ya 14,6% azalma, məbləğ baxımından isə 0,2 milyon ABŞ dolları və ya 3,1% artım deməkdir.
Eyni zamanda cari ilin sentyabrın 1-nə ölkədə BKM vasitəsilə 16,2 min ədəd həcmdə 2,1 milyon avro məbləğində emal olunmuş ödəniş əməliyyatları həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici həcm baxımından 0,3 min ədəd və ya təqribən 1,8% azalıb, məbləğ ifadəsində isə dəyişməz qalıb.
Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) bank kartları ilə aparılan ödənişlərin təhlükəsiz və sürətli şəkildə emalını, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsi və yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə infrastrukturudur.
Sadə dillə desək, BKM bir növ “körpü” rolunu oynayır, fərqli bankların kartları ilə edilən ödənişlərin bir-birinə düzgün çatmasını təmin edir.