Suyun dəyərini anlamaq XXI əsrin ən ciddi çağırışlarından biridir. Azərbaycan üçün bu, təkcə ekoloji problem deyil - milli təhlükəsizlik və iqtisadi davamlılıq məsələsidir. İqlim dəyişikliklərinin dərinləşdiyi, yağıntıların azaldığı və transsərhəd çay axınlarının getdikcə zəiflədiyi bir dövrdə suyun qiyməti deyil, onun idarəolunması və səmərəli bölüşdürülməsi strateji əhəmiyyət kəsb edir. Məhz buna görə də diferensial tarif siyasəti bu gün iqtisadi, sosial və ekoloji baxımdan milli sabitliyin əsas alətlərindən birinə çevrilib. Bu, artıq sırf infrastruktur və ya kommunal məsələ deyil - dövlət siyasətinin, milli təhlükəsizliyin və gələcək nəsillərin təminatının ayrılmaz hissəsidir.
Azərbaycanın ümumi su ehtiyatı 32 milyard kubmetr civarındadır, amma bunun təxminən 70 faizi ölkə hüdudlarından kənarda - əsasən Gürcüstan, İran və Ermənistan ərazilərində formalaşır. Bu asılılıq, xüsusilə Araz, Kür və Tərtər hövzələrində siyasi və ekoloji riskləri kəskinləşdirir. 2024-cü ilin məlumatına görə, ölkə üzrə illik təmizlənmiş içməli su istehsalı 1,5 milyard m³, suvarma üçün istifadə olunan su isə 9,2 milyard m³ təşkil edib. Bunun təxminən 35 faizi texniki və fiziki itkilər nəticəsində itirilib.
Dünya Bankının son hesabatına əsasən, Azərbaycanın su sektorunda “Qeyri-Gəlirli Su” (Non-Revenue Water, NRW) səviyyəsi 43-46 faiz aralığındadır. Bu, Avropa orta göstəricisindən (20-25%) iki dəfə çoxdur. Yalnız Bakıda ildə 200 milyon m³-dən artıq su ya sızma, ya da qeydiyyatsız istehlak nəticəsində itir. Bu, iqtisadi baxımdan 120 milyon manatlıq illik zərər deməkdir.
Hazırda ölkədə tətbiq edilən 0.70 AZN/m³ sabit tarif modeli bütün istehlakçılar üçün eynidir. Bu sistemdə suya qənaət edənlə israf edən arasında fərq yoxdur. Statistikaya əsasən, Bakı şəhərində orta ailə aylıq 18-20 m³ su sərf edir. Bu, illik 240 m³ istehlak deməkdir. Əgər diferensial sistem tətbiq edilsə, məsələn, ilk 100 m³ üçün 0.40 AZN, 100–300 m³ üçün 0.80 AZN, bundan yuxarı üçün isə 1.20 AZN təyin olunsa, həm sosial ədalət, həm də qənaət mexanizmi yaranar.
Fransa və Belçikada aparılan tədqiqatlar göstərir ki, belə sistemlərin tətbiqi ilk iki il ərzində ev təsərrüfatı üzrə su sərfini orta hesabla 15-20 faiz azaldır. Türkiyənin İzmir və Konya bölgələrində IBT tətbiqindən sonra kənd təsərrüfatı suyu istehlakı 1000 hektar əkin sahəsi üzrə 12-15 faiz azalıb. Azərbaycan üçün bu göstərici ildə 300-400 milyon m³ qənaət potensialı deməkdir.
Fransa, Türkiyə, İsrail və İspaniyanın su idarəçiliyi modelləri müxtəlif sosial, texnoloji və ekoloji yanaşmalarla fərqlənir, lakin hamısında əsas məqsəd eyni - su resurslarının səmərəli istifadəsini təmin etmək və bərpa xərclərini sosial ədalət prinsipi ilə balanslaşdırmaqdır. Fransa nümunəsində, Dunkerq şəhərində 2012-ci ildən tətbiq olunan “Eko-Sosial Su Tarifi” modeli üçpilləli sistemə əsaslanır. İlk 80 m³ “həyati istehlak” kimi qiymətləndirilir və sosial minimum həddini aşmır.
Sonrakı bloklarda qiymətlər tədricən artır. Bu yanaşma nəticəsində əhalinin 80 faizi üçün illik su xərci azalıb, orta istehlak 83 m³-dən 67 m³-ə düşüb. Yəni, il ərzində 20 faiz su və 12 faiz enerji qənaəti əldə edilib. Eyni zamanda, xidmətin xərclərinin bərpası səviyyəsi 97 faizə çatıb, bu da sistemin iqtisadi davamlılığını təmin edir. Türkiyənin təcrübəsi daha çox kənd təsərrüfatına yönəlib. DSİ və İSKİ tərəfindən tətbiq olunan “volumetrik tarif” sistemi hər kubmetr suyun faktiki istifadəsinə görə ödəniş nəzərdə tutur. Bu yanaşma sahə üzrə sabit tarifdən fərqli olaraq, suvarmada məsuliyyət hissini artırır.
Konyadabu model tətbiq olunduqdan sonra suvarma səmərəliliyi 35 faiz artıb, yeraltı su səviyyəsi isə 2–3 metr sabitləşib. Türkiyə Su İdarəetmə Baş Planına (2023–2035) əsasən, 1 kubmetr üçün orta tarif 0.5–1.2 TRY aralığındadır və sektorlar üzrə fərqləndirilir. İsraildə su idarəçiliyi texnoloji və diferensial tarif prinsiplərinə əsaslanır. Burada bütün su istehlakı ölçülür və ev təsərrüfatlarında 4 pilləli sistem tətbiq olunur: ilk blokda, yəni insanın birbaşa ehtiyacını təmin edən səviyyədə, 1 m³ suya görə 0.6 USD, ən yüksək pillədə isə 2.1 USD ödəniş edilir. İsrail suyun 90 faizini təkrar emal edir və bu, kənd təsərrüfatına ildə 500 milyon m³ təmizlənmiş suyun geri qaytarılmasına şərait yaradır.
Azərbaycanda bu göstərici hazırda 5–6 faizdir, yəni İsrail səviyyəsinə çatmaq üçün 15 dəfə artım tələb olunur. İspaniyanın Kataloniya və Valensiya regionlarında isə “çirkləndirən ödəyir” prinsipi ilə yanaşı, “resurs bərpa xərci” komponenti də tariflərə əlavə olunur.
Məsələn, Kataloniyada 1 m³ üçün orta qiymət 0.85 EUR təşkil edir, bunun 0.15 EUR-u xüsusi ekoloji bərpa fonduna yönəldilir. Bu vəsaitlə çay hövzələrinin ekosistemləri bərpa olunur, sızmaların qarşısı alınır və su dövriyyəsinin ekoloji tarazlığı qorunur. Bu model Azərbaycanda da tətbiq oluna bilər: su tariflərinin müəyyən hissəsi “Su Resurslarının Qorunması Fondu”na yönəldilərək ekoloji və texnoloji layihələrin maliyyələşdirilməsinə xidmət edə bilər.
Azərbaycanın su ehtiyatları son on ildə iqlim amillərinin təsiri ilə 15–20 faiz azalıb. Hidroloji müşahidələr göstərir ki, Kür və Araz çaylarının illik axımı 2010-cu illə müqayisədə orta hesabla 12 milyard m³-dən 9,8 milyard m³-ə enib. Qafqazda qar örtüyünün azalması və erkən ərimə nəticəsində çay axınlarının pik dövrləri artıq yazın əvvəllərinə çəkilib, bu isə suvarma mövsümündə su çatışmazlığı yaradır.
FAO-nun 2024-cü il “AquaStat” məlumatına görə, Azərbaycan dünyada “orta səviyyədə su stresinə məruz qalan ölkələr” qrupuna daxildir: hər nəfərə düşən təmiz su ehtiyatı cəmi 1000–1100 m³ təşkil edir (beynəlxalq təhlükə həddi - 1700 m³).
2050-ci ilə qədər yağışların azalması və temperaturun artması nəticəsində ölkənin şirin su ehtiyatlarının 25–30 faiz azalacağı proqnozlaşdırılır. Əgər su idarəetməsində köklü dəyişikliklər edilməzsə, 2040-cı ildən sonra su qıtlığı iqtisadi artım tempinə birbaşa təsir göstərəcək. Kənd təsərrüfatı məhsuldarlığı 10–12 faiz azalacaq, elektrik enerjisi istehsalında hidroresursların payı isə 18 faizdən 12 faizə enəcək.
Azərbaycanda su ehtiyatlarının 70 faizdən çoxu suvarmaya sərf olunur, lakin səmərəlilik səviyyəsi çox aşağıdır. Hazırda ölkə üzrə suvarma səmərəliliyi 38–40 faiz civarındadır. Bu o deməkdir ki, suyun yarısından çoxu ya buxarlanır, ya da kanallarda sızmalarla itir. Müqayisə üçün, Türkiyədə bu göstərici 60, İsraildə isə 85 faizdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə 1,4 milyon hektar suvarılan torpaq sahəsinin 480 min hektarında ciddi su çatışmazlığı müşahidə olunub.
Dünya Bankı və FAO-nun “Azərbaycan Suvarma Effektivliyi Layihəsi” (AIWE) çərçivəsində aparılan hesablamalara görə, əgər suvarma sistemləri 2030-cu ilə qədər tam modernləşdirilərsə, ildə əlavə 1,1 milyard m³ su qənaət edilə bilər. Bu isə Mingəçevir su anbarının ümumi tutumunun 7 faizinə bərabərdir.
Diferensial tarif sistemi, xüsusilə kənd təsərrüfatı üçün həcmi əsaslı qiymət mexanizmi, fermerlərin suya məsuliyyətini artırar. Türkiyə modelinə bənzər şəkildə, suvarma sistemlərinə smart sayğaclar və sensor əsaslı monitorinq tətbiqi ilə su sərfiyyatını real vaxtda izləmək mümkündür. Pilot layihələr göstərir ki, belə texnologiyaların tətbiqi bir hektar sahədə 350–400 m³ su qənaətinə gətirib çıxarır.
Diferensial tariflər tətbiq olunarkən sosial ədalətin təmin edilməsi əsas prinsip olmalıdır. Azərbaycan əhalisinin təxminən 25 faizi aşağı və orta gəlirli təbəqəyə aiddir. Bu, 2,7 milyon nəfər deməkdir. Onların su sərfiyyatı adətən ayda 6–10 m³ aralığındadır. Əgər IBT sistemində birinci blok (məsələn, 0–10 m³) üçün 0.40 AZN/m³ təyin olunsa, bu ailələr üçün xərclər artmayacaq, əksinə, azalacaq. İkinci blokda (10–25 m³) 0.80 AZN, üçüncü blokda isə 1.20 AZN müəyyənləşdirməklə, həm sosial müdafiə, həm də qənaət təşviqi təmin oluna bilər.
Fransada və Belçikada tətbiq olunan “çarpaz subsidiya” modeli göstərir ki, yüksək istehlakçılardan (kommersiya və sənaye obyektləri) əldə edilən gəlirin 20–25 faizi sosial blokların subsidiyalaşdırılmasına yönəldilməklə, dövlət büdcəsinə əlavə yük yaranmır. Azərbaycan üçün bu mexanizm əhalinin sosial narazılığını minimuma endirəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2024-cü il hesabatına əsasən, ölkədə əhali üzrə sayğaclaşdırma səviyyəsi 65 faizdir. Yəni, 1,5 milyon abonentin hələ də istehlakı ölçülmür. Tarif diferensiasiyasının tətbiqi üçün bu göstəricinin ən azı 95 faizə çatdırılması vacibdir. Bu məqsədlə 2025–2028-ci illər üçün “Tam Sayğaclaşdırma Proqramı” hazırlanır. Layihəyə görə, 300 min yeni smart sayğac quraşdırılacaq, bunlar uzaqdan oxunma və analitik hesabat funksiyasına malik olacaq.
Beynəlxalq təcrübə göstərir ki, sayğaclaşdırma səviyyəsi 90 faizdən yuxarı olan ölkələrdə su israfı 25–30 faiz azalır. Məsələn, Portuqaliyanın Porto şəhərində smart su şəbəkəsi tətbiq edildikdən sonra illik itkilər 38 faizdən 21 faizə düşüb. Azərbaycanın paytaxtı üçün bu, ildə təxminən 100 milyon m³ su qənaəti deməkdir.
Azərbaycanda suyun dəyərinin artmasına və tarif islahatının zəruriliyinə səbəb olan əsas amillərdən biri infrastrukturun köhnəlməsi və itkilərin yüksək səviyyəsidir. 2024-cü ilin rəsmi məlumatına əsasən, su təchizatı sistemlərində itkilərin orta səviyyəsi 43 faiz təşkil edir. Bu, hər il 650 milyon kubmetr suyun sızma, oğurluq və qeydə alınmayan istehlak nəticəsində itirilməsi deməkdir. Müqayisə üçün, Avropa İttifaqında orta NRW göstəricisi 23 faiz, Yaponiyada 8 faiz, İsraildə isə cəmi 5 faizdir.
Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə əsas magistral kəmərlərin 60 faizi 1970–1980-ci illərdə çəkilib və istismar müddətini çoxdan keçib. Bakı şəhərində 2024-cü ildə 14 200 su sızması hadisəsi qeydə alınıb. Bu hadisələrin 70 faizi daxili paylayıcı şəbəkələrdə baş verir. Hesablamalara görə, yalnız paytaxtda hər il itirilən suyun bərpası üçün 90 milyon manatlıq enerji sərf olunur.
Dünya Bankının “Water Efficiency and Resilience for Azerbaijan” adlı 2023-cü il hesabatında göstərilir ki, əgər NRW səviyyəsi 2040-cı ilə qədər 25 faizə endirilsə, ölkə hər il əlavə 300 milyon m³ su və 40 milyon manat əməliyyat xərci qənaət edə bilər. Bu qənaət, tariflərin sosial hissəsinin subsidiyalaşdırılması üçün potensial mənbə ola bilər.
NRW-nin (itirilmiş və ya uçota alınmayan suyun) azaldılması su təsərrüfatında həm iqtisadi, həm də ekoloji baxımdan prioritet məsələdir. Bu məqsədlə iki əsas istiqamət üzrə sistemli tədbirlərin həyata keçirilməsi təklif olunur.
Birinci istiqamət infrastrukturun bərpası və modernləşməsi ilə bağlıdır. 2030-cu ilə qədər ən azı 10 min kilometr köhnə boru kəmərinin yenilənməsi planlaşdırılmalıdır. Çünki köhnəlmiş şəbəkələr su itkisinə səbəb olmaqla yanaşı, həm də enerji sərfiyyatını və istismar xərclərini artırır. Yeni, enerji-effektiv və davamlı materiallardan hazırlanmış boru sistemləri itkilərin qarşısını almaqda mühüm rol oynaya bilər.
İkinci istiqamət isə dövlət-özəl tərəfdaşlığı (PPP) modelinin tətbiqidir. Xüsusən Bakı və Sumqayıt kimi iri şəhərlərdə su itkisinə qarşı performans əsaslı müqavilələrin (Performance-Based Contracts) tətbiqi effektiv nəticə verə bilər. Bu mexanizmə görə, özəl şirkətlər dövlətlə bağladıqları müqavilə çərçivəsində itkilərin azaldılması üzrə konkret nəticələrə nail olduqları halda, əlavə gəlir əldə edirlər.
Beləliklə, məsuliyyət və maraqlar balansı formalaşır. Braziliya, Türkiyə və Qazaxıstanda bu model artıq özünü doğruldub və su itkisini 15–25 faiz arasında azaltmağa nail olunub. Azərbaycan üçün də bu təcrübənin tətbiqi yalnız texniki modernləşmə deyil, həm də idarəetmədə səmərəliliyin artırılması baxımından strateji addım ola bilər.
Azərbaycanın su ehtiyatlarının 72 faizi ölkə sərhədlərindən kənarda formalaşdığı üçün transsərhəd əməkdaşlıq su təhlükəsizliyinin əsas sütunlarından biridir. Kür çayı hövzəsinin 65 faizi Gürcüstan, Araz çayı hövzəsinin isə 40 faizi İran ərazisində yerləşir. Ermənistanın yuxarı axınlarda - xüsusilə Oxçu və Tərtər çaylarında - sənaye tullantılarını təmizləmədən buraxması ekoloji təhlükəni artırır.
Azərbaycan “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi haqqında” BMT Konvensiyasına 2000-ci ildən üzvdür. Lakin qonşu Ermənistan bu sənədə qoşulmadığından, vahid hövzə idarəçiliyi çətinləşir. BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) 2024-cü il hesabatına əsasən, bu koordinasiya çatışmazlığı nəticəsində Kür-Araz hövzəsində suyun keyfiyyət göstəriciləri son beş ildə 18 faiz pisləşib.
Regional səviyyədə su ehtiyatlarının birgə idarə edilməsi üçün Transsərhəd Çay Komissiyaları formatı yenidən gündəmə gətirilməlidir. Türkiyə və Gürcüstan ilə bu istiqamətdə təcrübə artıq mövcuddur: 2023-cü ildə Kür hövzəsində yaradılmış “Regional Hidroloji Məlumat Mübadiləsi Platforması” ilkin mərhələdə müsbət nəticə verib. Azərbaycan bu platformanı genişləndirərək İran və Ermənistan istiqamətində də texniki əməkdaşlıq mexanizmləri təklif edə bilər.
Diferensial tarif sisteminin tətbiqi həm də diplomatik cəhətdən mühüm siqnal rolunu oynaya bilər: bu islahat Azərbaycanın beynəlxalq su idarəetmə prinsiplərinə uyğunlaşmasını göstərərək, BMT və Dünya Bankı ilə yeni maliyyə alətləri üzrə danışıqlar mövqeyini gücləndirəcək.
Ekoloji və iqtisadi tarazlıq su siyasətində strateji önəm daşıyır, çünki suyun real dəyərinin formalaşması həm resursların davamlı istifadəsini, həm də ekosistemin qorunmasını təmin edir. Əslində, suyun mövcud tariflərdəki qiyməti onun iqtisadi dəyərinin yalnız kiçik bir hissəsini əks etdirir.
OECD-nin 2024-cü ildə dərc etdiyi “Water Pricing in Transition Economies” hesabatında vurğulanır ki, suyun tam dəyəri üç əsas komponentdən ibarətdir.
Birincisi, xidmət xərci - yəni suyun toplanması, təmizlənməsi, daşınması və paylanması üçün tələb olunan əməliyyat və texniki xidmət xərcləridir. Bu hissə sistemin gündəlik işləkliyini və etibarlılığını təmin edir.
İkincisi, resurs dəyəri - su ehtiyatlarının bərpası, yeni mənbələrin axtarışı və davamlı idarə edilməsi ilə bağlı məsrəfləri əhatə edir. Bu, gələcək nəsillər üçün resursların qorunmasına yönəlmiş strateji investisiyadır.
Üçüncüsü, ekoloji dəyər - suyun təbiətdəki dövranını, ekosistemlərin sabitliyini və çirklənmənin qarşısının alınmasını təmin edən xərcləri özündə birləşdirir. Bu komponent çox vaxt nəzərdən qaçırılır, halbuki onun nəzərə alınmaması uzunmüddətli ekoloji zərərlərə gətirib çıxarır. Deməli, suyun real qiyməti yalnız iqtisadi hesablamaların deyil, həm də ekoloji məsuliyyətin ifadəsidir.
Azərbaycanın su tarif siyasətində bu üçlü balansın qorunması həm təbii resursların effektiv idarə olunmasına, həm də ölkənin yaşıl inkişaf strategiyasına mühüm töhfə verə bilər.Azərbaycanda hazırda yalnız birinci komponent - xidmət xərci - tarifdə əks olunur. Halbuki inkişaf etmiş ölkələrdə suyun qiymətinin 15–25 faizi resurs və ekoloji dəyərləri əhatə edir.
Əgər bu model Azərbaycanda mərhələli şəkildə tətbiq olunsa, məsələn, hər kubmetr suyun qiymətinə əlavə 0.05 AZN “ekoloji komponent” daxil edilsə, ildə 50 milyon manatlıq “Su Resurslarının Qorunması Fondu” yaradıla bilər. Bu vəsaitlə çay hövzələrinin bərpası, ekoloji monitorinq və sızma nəzarət sistemləri maliyyələşdirilə bilər.
Tarif siyasətində şəffaflıq və ictimai iştirak islahatın uğurla həyata keçirilməsi üçün həlledici əhəmiyyət daşıyır. İctimai etimad olmadan heç bir qiymət artımı sosial baxımdan qəbul edilə bilməz.
Əgər artımın səbəbləri, xərclərin strukturu və gəlirlərin bölüşdürülməsi cəmiyyətə aydın izah olunmazsa, bu, narazılıq və etimadsızlıq doğuracaq. Fransada 2022-ci ildə keçirilmiş “Eau et Société” sorğusu da bunu təsdiqləyir: əhalinin 68 faizi suyun qiymət artımını qəbul edib, amma yalnız o halda ki, onlar vəsaitin necə və hara xərcləndiyini şəffaf şəkildə görə bilirlər. Azərbaycan üçün də bu cür mexanizmlər zəruridir.
Tarif Şurasının qərarları ilə yanaşı, illik xərclər və gəlirlər balansı ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır. “Su Monitorinq Platforması” yaradılaraq su istehlakı, itkilər və qiymət dinamikası barədə məlumatlar interaktiv formatda göstərilməlidir. Bundan əlavə, QHT-lərin və istehlakçı birliklərinin tənzimləmə prosesinə müşahidəçi statusu ilə cəlb olunması təmin edilməlidir. Belə bir şəffaflıq həm sosial razılaşmanı gücləndirəcək, həm də beynəlxalq investorlar üçün etibarlı mühit yaradacaq. Nəticədə, tarif siyasətinə ictimai iştirak və hesabatlılıq prinsiplərinin daxil edilməsi həm iqtisadi sabitliyə, həm də sosial ədalətə xidmət edəcək.
Azərbaycan üçün diferensial tarif modelinə keçid birdəfəlik deyil, mərhələli şəkildə həyata keçirilməlidir. Qlobal təcrübələr göstərir ki, belə islahatlar yalnız planlı keçid mərhələləri ilə ictimai və iqtisadi riskləri azaldır. Bu baxımdan, beşmərhələli plan optimal hesab olunur.
Hazırlıq mərhələsi (2025–2026) dövründə bütün şəhər və rayonlarda istehlak səviyyələrinin analitik xəritələnməsi aparılmalı, aşağı gəlirli təbəqələrin, sosial müdafiə qruplarının və iri istehlakçıların profili müəyyənləşdirilməlidir. Paralel olaraq, IBT, volumetrik və qarışıq modellər üzrə tarif simulyasiyaları həyata keçirilməli, smart sayğacların quraşdırılması və məlumat bazasının tamlaşdırılması təmin olunmalıdır.
Pilot mərhələsi (2026–2027) Bakı, Gəncə və Mingəçevir şəhərlərində IBT sisteminin sınaq tətbiqini, hər region üçün tarif elastikliyi və su istehlak reaksiyasının ölçülməsini əhatə etməlidir. Bu mərhələdə Dünya Bankı və OECD ilə texniki məsləhətçi dəstəyi təmin edilməli, əldə olunan nəticələr üzrə sosial təsir analizi aparılmalıdır.
İnteqrasiya mərhələsi (2028–2029) diferensial tariflərin ölkə üzrə tətbiqini, “Azərsu” və ADSEA üçün vahid elektron hesabat və monitorinq platformasının yaradılmasını nəzərdə tutur. Tarif Şurası nəzdində “Su Tarifləri İctimai Şurası” təsis edilməli, bu quruma iqtisadçılar, ekoloqlar, kənd təsərrüfatı və sosial siyasət ekspertləri daxil edilməlidir.
Bərpa mərhələsi (2030–2035) tarif gəlirlərindən formalaşan “Su Resurslarının Qorunması Fondu”nun fəaliyyətə başlaması ilə xarakterizə olunur. Bu fond vasitəsilə çay hövzələrinin bərpası, suvarma infrastrukturu və ekoloji monitorinq layihələri maliyyələşdirilməli, yeraltı suların istismarına kvota sistemi tətbiq edilməlidir.
Davamlılıq mərhələsi (2035–2040) dövründə tariflər və sosial güzəştlər avtomatlaşdırılmış indeksləşmə mexanizmi ilə yenilənməli, enerji və su təchizat sistemlərinin inteqrasiya olunmuş idarəetmə modelinə keçid təmin edilməlidir. Nəticədə, su sektoru tam şəffaf hesabat sisteminə əsaslanacaq və beynəlxalq audit standartlarına uyğunlaşdırılacaq.
Dünya Bankı və OECD-nin hesablamalarına əsasən, IBT modelinin tətbiqi nəticəsində Azərbaycan 2030-cu ilə qədər mühüm iqtisadi və ekoloji nəticələr əldə edə bilər. Ümumi su sərfiyyatının 15–20 faiz azalması illik 400–500 milyon kubmetr qənaət deməkdir. Qeyri-gəlirli suyun payı 43 faizdən 25 faizə enəcək, tarif gəlirləri isə 1,5 dəfə artacaq. Bu proses dövlət subsidiyalarının azalması ilə yanaşı, sosial blok üzrə 1,8 milyon ailənin aylıq xərclərinin sabit qalmasını təmin edəcək. Ümumilikdə, 10 il ərzində təxminən 3 milyard manatlıq əlavə investisiya potensialı formalaşacaq.
Azalan su sərfiyyatı həm enerji istehlakını, həm də karbon emissiyalarını azaldacaq. Hazırda suyun təmizlənməsi və paylanması qlobal enerji sərfiyyatının 4 faizini təşkil edir, Azərbaycanda isə bu göstərici 6 faiz civarındadır. Su sərfiyyatının 20 faiz azalması illik 200 milyon kWh elektrik enerjisinə qənaət deməkdir.
Hazırda “Su haqqında” (1997), “Təbii ehtiyatların qorunması haqqında” (1998) və “Dövlət Rüsumları haqqında” qanunlar su istifadəsini tənzimləyən əsas sənədlərdir. Lakin bu qanunlar diferensial tarif prinsiplərini tam əhatə etmir. 2025-ci ildən etibarən ADSEA və Tarif Şurası bu qanunlara dəyişikliklər layihəsini hazırlamalıdır.
Yeni redaksiyada “suyun iqtisadi dəyəri” anlayışı hüquqi şəkildə müəyyənləşdirilməli, “çirkləndirən ödəyir” və “istifadə edən bərpa edir” prinsipləri tətbiq edilməlidir. Tarif gəlirlərinin bir hissəsi “Su Resurslarının Qorunması Fondu”na yönəldilməli, su israfına görə inzibati məsuliyyət sərtləşdirilməlidir. Məsələn, qeyri-qanuni qoşulmalara görə üçqat cərimə sistemi tətbiq oluna bilər.
Su israfı təkcə iqtisadi deyil, həm də mədəni problemdir. Bakı əhalisinin 40 faizi suyun real dəyərindən xəbərsizdir, 65 faizi isə israfı “əhəmiyyətsiz” sayır. Buna görə də diferensial tariflərlə yanaşı, geniş ictimai maarifləndirmə kampaniyaları həyata keçirilməlidir.
ADSEA və Kütləvi İnformasiya Vasitələri üçün su qənaəti mövzusunda maarifləndirici proqramlar hazırlanmalı, məktəblərdə “Su iqtisadiyyatı” mövzusunda dərs modulları tətbiq edilməlidir. “Hər damla qiymətlidir” kimi sosial reklamlar televiziya və rəqəmsal platformalarda yayılmalıdır. Fransada bu cür kampaniyalardan sonra 5 il ərzində ev təsərrüfatlarının su sərfiyyatı 12 faiz azalıb. Azərbaycan üçün bu, ildə 250 milyon kubmetr su qənaəti deməkdir.
Azərbaycanın su təhlükəsizliyi artıq enerji təhlükəsizliyi qədər strateji məsələdir. Transsərhəd asılılıq, iqlim dəyişiklikləri, səmərəsiz infrastruktur və sosial israfçılıq şəraitində diferensial tarif siyasəti qaçılmazdır.
Tarif Şurasına əsas tövsiyələr belədir: limitlər illik əsasda müəyyən edilməli, aşağı blok üçün (həyati istehlak) qiymət 0.40 AZN/m³ səviyyəsində saxlanmalı, orta blok (10–25 m³) üçün 0.80 AZN, yüksək blok üçün 1.20 AZN tətbiq olunmalıdır. Sosial müdafiə mexanizmləri avtomatlaşdırılmış sistemlə inteqrasiya edilməli, kənd təsərrüfatında volumetrik qiymət sistemi və səmərəlilik əsaslı güzəştlər tətbiq olunmalıdır.
Tarif gəlirlərinin bir hissəsi “Su Resurslarının Qorunması Fondu”na yönəldilməli, qeyri-gəlirli su səviyyəsi 2040-cı ilə qədər 25 faizə endirilməlidir. 2030-cu ilə qədər bütün abonentlər üçün 100 faiz smart sayğaclaşdırma təmin edilməli, tarif qərarları ictimai hesabatlılıq platformasında şəffaf şəkildə təqdim olunmalıdır.
Bu kompleks yanaşma nəticəsində Azərbaycan həm daxili su idarəetməsində effektivlik qazanacaq, həm də beynəlxalq səviyyədə su diplomatiyasında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək. Suyun dəyəri yalnız tariflə deyil, həm də gələcək nəsillərə ötürüləcək məsuliyyətlə ölçülür.