...

Qırğızıstanın Yol Xəritəsi və rəqəmsal təşəbbüsləri TDT-də inteqrasiyanın hərəkətverici qüvvəsi kimi – Qəbələ Sammitinin yekunları

İqtisadiyyat Materials 7 Oktyabr 2025 19:06 (UTC +04:00)
Qırğızıstanın Yol Xəritəsi və rəqəmsal təşəbbüsləri TDT-də inteqrasiyanın hərəkətverici qüvvəsi kimi – Qəbələ Sammitinin yekunları
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan Türk Dövlətləri Təşkilatında iştirak strategiyasını fəal şəkildə formalaşdırır və iqtisadi, institusional və rəqəmsal inteqrasiyaya sistemli yanaşma nümayiş etdirir. Bu strategiya çərçivəsində Qırğızıstan investisiyaların stimullaşdırılması və proseslərin rəqəmsallaşdırılmasına diqqət yetirərək dayanıqlı iqtisadi artım və regionda daha səmərəli əməkdaşlıq üçün əsas yaradır.

Bu kontekstdə 2025-ci il 7 oktyabr tarixində Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə bir sıra təşəbbüslər irəli sürülüb: iqtisadiyyat, ticarət, investisiyalar və maliyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi və elektron rəqəmsal imzaların qarşılıqlı tanınması haqqında Saziş. Bu layihələr üzv dövlətlərin inteqrasiyasını sürətləndirməyə, prosedurların sadələşdirilməsinə və maneələrin azaldılmasına, həmçinin sərmayələr üçün əlverişli mühitin yaradılmasına və maliyyə sistemlərinin uyğunlaşdırılmasına yönəlib.

Yol Xəritəsi ölkələr arasında daha səmərəli qarşılıqlı fəaliyyət üçün şəraitin yaradılmasını hədəfləyir. Layihədə kompleks yanaşma əks olunub: iqtisadi potensialın gücləndirilməsi, birgə planlaşdırma və artımın dəstəklənməsi, ticarətdə prosedurların sadələşdirilməsi və maneələrin aradan qaldırılması, investisiya üçün əlverişli mühitin yaradılması və kapitalın effektiv idarə olunması üçün maliyyə sistemlərinin uyğunlaşdırılması. Rəqəmsal imzalar haqqında saziş isə elektron sənədlərin hüquqi tanınmasını təmin edir və transsərhəd prosedurların sadələşdirilməsi ilə üzv ölkələr arasında praktiki inteqrasiyanı sürətləndirir.

İqtisadi kontekst bu təşəbbüslərin aktuallığını bir daha təsdiq edir: Təşkilata üzv ölkələrin ümumi ÜDM-i 1.9 trilyon dollara yaxınlaşır, əhalisi 175 milyon nəfəri ötür, illik orta iqtisadi artım 4.4 faiz səviyyəsində qalır. Ölkələrin dünya ilə xarici ticarət dövriyyəsi 1.2 trilyon dollar, lakin qarşılıqlı ixrac cəmi 35.6 milyard dollar təşkil edir ki, bu da ümumi ticarətin yalnız təxminən 6 faizinə uyğundur. Bu göstəricilər daxil olan ticarətin artırılması və inteqrasiyanın gücləndirilməsi üçün struktur və institusional həllərin vacibliyini göstərir.

Ötən il Qırğızıstanın sədrliyi dövründə əldə olunmuş nəticələr yeni layihələrin reallaşdırılması üçün əsas yaradır. Bu dövrdə Qırğızıstan Türk İnvestisiya Fondunu (TİF) işə salmış və logistika və infrastruktur kimi strateji layihələrə maliyyələşdirmə təmin etmişdir. Bundan əlavə, 2025-ci il 18 sentyabrda Bişkekdə Təşkilatın üzv ölkələrinin hökumət başçılarının ilk görüşünü keçirib ki, bu da Prezident Sadır Japarovun sözlərinə görə, təşkilatın inkişafında tarixi bir addım idi.

Qırğızıstan mədəni və humanitar sahəyə də xüsusi diqqət yetirir: 2026-cı ildə ölkədə VI Dünya Köçəri Oyunları keçiriləcəkdir. HəmçininPrezident Japarov 30 noyabr 2025-ci il tarixində Qırğızıstanda keçiriləcək parlament seçkilərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələrini beynəlxalq müşahidə missiyası kimi iştirak etməyə dəvət edib, bu isə demokratik proseslərin dəstəklənməsi və təcrübə mübadiləsinin vacibliyini göstərir. Bu addımlar Qırğızıstanın Təşkilat çərçivəsində fəal rolunu və üzv ölkələrlə yüksək səviyyəli əməkdaşlığı davam etdirmək istədiyini nümayiş etdirir.

“Qəbələ Zirvə Görüşünün yekununa əsasən Qırğızıstan Respublikasının sədrliyi rəsmi olaraq başa çatır və sədrliyi qardaş Azərbaycan Respublikasına ötürür. Əminəm ki, Azərbaycanın sədrliyi dövründə Təşkilat inkişafını davam etdirəcək, beynəlxalq aləmdə nüfuzunu artıracaq və bütün türk xalqlarının rifahı naminə yeni mühüm təşəbbüsləri həyata keçirəcək”, – Qırğızıstan Prezidenti vurğulayıb.

Bununla belə, sədrliyin başa çatmasına baxmayaraq, Qırğızıstan Türk Dövlətləri Təşkilatının fəaliyyətində fəal iştirakını davam etdirmək niyyətindədir. Yol Xəritəsi və Rəqəmsal imzalar haqqında Saziş yalnız Təşkilatın hazırkı strateji prioritetlərini deyil, həm də ölkənin iqtisadi, institusional və mədəni inteqrasiyanın möhkəmləndirilməsinə töhfə vermək əzmini əks etdirir.

Bu təşəbbüslər iqtisadi əməkdaşlığın gücləndirilməsi, infrastrukturun inkişafı və rəqəmsal inteqrasiyanın təşviqi üçün böyük potensiala malik layihələrdir və ötən il əldə edilmiş institusional nailiyyətlərə əsaslanır. Onlar sistemli yanaşmanı əks etdirir, Qəbələ Bəyannaməsinin əsas müddəalarına, “TDT+” formatına və TÜRKSOY beynəlxalq təşkilatının möhkəmləndirilməsinə tam uyğundur.

Xəbər lenti

Xəbər lenti