Bakı. Trend:
2004–2024-cü illər ərzində ölkə iqtisadiyyatına 344 milyard ABŞ dollarından çox xarici investisiya qoyulub.
Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən Halal Biznes Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadi modelin şaxələndirilməsində mümhüm uğurlara nail olub. Aparılan sosial-iqtisadi islahatlar və qlobal iqtisadi inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün geniş və əlverişli imkanlar yaradıb.
“2004–2024-cü illər ərzində ölkə iqtisadiyyatına 344 milyard ABŞ dollarından çox investisiya qoyulub, bunun təxminən 213 milyardı qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu yaxınlarda Birinci Azərbaycan İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 10 milyard dollardan çox olan layihələr üzrə sənədlər imzalanıb ki, bu da xarici investorların etimadını və ölkədə sabit investisiya mühitini əks etdirir.
Hazırda iqtisadiyyatın qeyri-neft-qaz sektorunun payı ümumi həcmin 68%-inə çatıb və ilin sonuna qədər bu göstəricinin daha da artması gözlənilir. Aparılan islahatlar və sahibkarlığın dəstək mexanizmləri sayəsində ölkə iqtisadiyyatında özəl sektorun payı təxminən 81%-dir”, - deyə o bildirib.
E.Əliyev qeyd edib ki, əlverişli coğrafi mövqe Azərbaycanı regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır və Zəngəzur dəhlizinin açılması ilə bu göstərici daha da yüksələcək.
“Ölkədə yaradılmış müasir infrastruktur - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, həmçinin inkişaf etmiş dəmir yolu şəbəkəsi investorlar üçün qlobal bazarlara birbaşa çıxış və tranzitin yüksək səmərəliliyini təmin edir”, - deyə nazir müavini vurğulayıb.