Qəbələ. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türk ölkələrini səylərini “Türk dünyasının perspektivləri – 2040” proqramının praktikada həyata keçirilməsinə yönəltməyə çağırıb.
Trend xəbər verir ki, o bu barədə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 12-ci sammiti çərçivəsində deyib.
Dövlət başçısı qeyd edib ki, iqtisadi əməkdaşlıq sabitliyin və rifahın əsas təməlini təşkil edir. O, Türk İnvestisiya Fondunun potensialından səmərəli istifadənin vacibliyini vurğulayıb, həmçinin yaxın zamanda Türküstanda keçiriləcək iqtisadiyyat və ticarət nazirlərinin görüşündə Fond tərəfindən maliyyələşdirilə biləcək layihələrin siyahısının müəyyənləşdirilməsini təklif edib.
Onun sözlərinə görə, sənaye kooperasiyasının inkişafı da böyük potensiala malikdir. Bu baxımdan Tokayev türk ölkələrinin sənaye əməkdaşlığı proqramının qəbulunu təklif edib və proqramda qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərinin göstərilməsinin məqsədəuyğun olacağını bildirib.
Prezident həmçinin, nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsini əsas vəzifələrdən biri adlandırıb. O, qeyd edib ki, Qazaxıstan beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən son beş ildə yükdaşıma həcmi altı dəfə artmış Transxəzər marşrutunun inkişafını fəal şəkildə həyata keçirir.
“Türk dövlətlərini Orta Dəhliz boyunca aviahubların, dəmir yolu stansiyalarının və dəniz limanlarının infrastrukturunun modernləşdirilməsində fəal iştirak etməyə dəvət edirik”, – deyə Tokayev vurğulayıb.