Qəbələ. Trend:
Yaxın perspektivdə biz Türkdilli Dövlətlərin Təşkilatı çərçivəsində ticarət, sahibkarlıq və qarşılıqlı investisiyalar üçün əlverişli şərait, hüquqi baza və infrastruktur təmin edəcək yeni iqtisadi imkanlar məkanının yaradılmasının tərəfdarıyıq.
Trend xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
“Əməkdaşlığın davamlı inkişafı və konkret layihələrin, xüsusilə Türk İnvestisiya Fondu çərçivəsində planların əlaqələndirilməsi üçün Türkdilli dövlətlər arasında İqtisadi Tərəfdaşlıq üzrə Daimi Şuranın yaradılmasının vaxtı çatıb”,- deyə o qeyd edib.
Prezident vurğulayıb ki, bu struktur iştirakçı ölkələrin Baş nazir müavinləri tərəfindən idarə olunmalı və daimi əsasda fəaliyyət göstərməlidir.
“Biz Şuranın layihə ofisinin Daşkənddə yerləşməsi üçün ərazi təqdim etməyə hazırıq”,- deyə o əlavə edib.
“O cümlədən, Şura çərçivəsində bir sıra yeni təşəbbüsləri həyata keçirmək olar. Məsələn, Türkdilli Dövlətlərin Sənaye Alyansının yaradılması. Bu, maşınqayırma, mədən sənayesi, elektrotexnika, neft-kimya, farmasevtika, yüngül sənaye, qida və tikinti materialları istehsalı sahələrində şirkətlərin birgə layihələrinin inkişafına, qarşılıqlı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına, texniki standartların yaxınlaşdırılmasına töhfə verəcək”,- deyə Ş.Mirziyoyev izah edib.