...

Türk dövlətləri bölgənin sülh və sabitliyini təmin edən ən güclü zəmanətdir – Ersin Tatar

Siyasət Materials 7 Oktyabr 2025 15:25 (UTC +04:00)
Türk dövlətləri bölgənin sülh və sabitliyini təmin edən ən güclü zəmanətdir – Ersin Tatar
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Qəbələ. Trend:

Türk dövlətləri fərqli sərhədləri və fərqli bayraqları təmsil edə bilər, lakin hamımız eyni tarix, inanc, dil və dastanların mirasçılarıyıq. Kipr Türk xalqı olaraq hər bir qardaş Türk dövlətinin bayrağında öz rəngimizi, hər bir marşında isə öz duyğularımızı hiss edə bilirik. Məhz bu qəlb bağları bizləri bir ailə halına gətirir.

Trend xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

E.Tatar bildirib ki, bu zirvənin tarixə qızıl hərflərlə yazılmış Qarabağ Zəfərinin 5-ci ildönümünə təsadüf etməsi çox mənalıdır:

“Qardaş Azərbaycan xalqının qətiyyəti, cəsarəti və haqq mübarizəsi ilə qazandığı bu zəfər yalnız torpaqların azad olunması deyil, eyni zamanda ədalət və milli iradənin qələbəsi, böyük Türk ailəsinin ortaq qələbəsidir.

Qarabağ Zəfəri bizə bir daha göstərdi ki, Türk dünyası birlikdə olduqda qarşısına çıxan hər bir çətinliyi aşa bilər. Birlik və həmrəylik içində hərəkət edən Türk dövlətləri təkcə öz təhlükəsizliklərini deyil, həm də bölgənin sülh və sabitliyini təmin edən ən güclü zəmanətdir. Biz Kipr Türk xalqı olaraq Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanında olmuşuq və olacağıq”.

ŞKTC Prezidenti vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı ortaq tarix, dil və mədəniyyətdən doğan qardaşlığı strateji əməkdaşlığa çevirmək üçün mühüm bir platformadır. Türk Dövlətləri 2040 hədəfləri istiqamətində siyasi uyğunluğu, iqtisadi bütünləşməni, rəqəmsal inkişafı və insan resurslarını gücləndirməyə yönəlmiş bir strukturdur:

“Bu gün dünyada sülh yalnız regional və qlobal həmrəylik, eləcə də inklüziv ortaq qərar mexanizmləri ilə mümkün ola bilər. Bu baxımdan Türk Dövlətləri Təşkilatı təkcə regional deyil, qlobal sülhə də töhfə vermək missiyası daşıyır. Lakin dünya hazırda Soyuq müharibədən sonrakı quruluşun çökməsi və yeni balansın hələ formalaşmaması ilə müşayiət olunan çətin bir dövr yaşayır. Dövlətlərin zəifləməsi, miqrasiya, iqlim böhranı, texnoloji dəyişikliklər, enerji və ticarət sahəsində artan rəqabət qlobal təhlükəsizliyi daha da mürəkkəbləşdirir. Bu gün Qəzzada baş verən insanlıq dramı mövcud beynəlxalq sistemin işə yaramadığının və etibarlı olmadığının açıq sübutudur. Buna görə də ölkələrimiz təhlükəsizlik, böhranların idarə olunması və humanitar məsələlərdə də həmrəyliyini gücləndirməlidir”.

Dövlət başçısı əlavə edib ki, Şimali Kipr Türk Respublikası Türk dünyasının Şərqi Aralıq dənizindəki strateji qalasıdır. Coğrafi baxımdan Türk Dövlətləri Təşkilatının Avropa, Afrika və Yaxın Şərqə açılan qapısıdır. Şimali Kipr təbii resurslar, daşıma və logistika, ali təhsil və tədqiqat, turizm, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində bir təbii qovşaq ola bilər.

“Biz Şərqi Aralıq dənizindəki Türk varlığının təmsilçiləri olaraq bu bölgədə Türk dünyasının enerji təhlükəsizliyi və sülh məqsədlərinə töhfə verməyə hazırıq.

Cənubi Kipr Respublikası adada sülh və sabitlik əvəzinə silahlanma səylərini artırır. Sözdə sülh çağırışları etsələr də, silahlanmaya yönəlik xərcləri və bölgəyə kənar qüvvələrin yerləşdirilməsi adanın və regionun təhlükəsizliyinə təhdid yaradır.

Bu gedişatlar təkcə Kipr türklərini deyil, bütün Şərqi Aralıq dənizindəki sülh və sabitliyi təhlükə altına alır.

Şimali Kipr Türk Respublikası Türk dünyasının regiondakı haqq səsini və sülh niyyətini təmsil edir. Beynəlxalq hüquqsuzluqlara baxmayaraq, qurumsal strukturumuz, işlək demokratiyamız və inkişaf edən iqtisadiyyatımızla gələcəyə inamla baxırıq”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti