Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsi arasındakı nəqliyyat əlaqələrinə investisiya qoyuluşu bütün region üçün vacibdir.
Trend xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“O Azərbaycanda Naxçıvana investisiyaların artırılması nəzərdə tutulur. Orada çatışmayan bir nəqliyyat əlaqəsi var ki, onu bərpa etmək və ya yenidən qurmaq lazımdır, çünki əvvəllər mövcud olub, amma indi fəaliyyət göstərmir. Bu yalnız 42 kilometr məsafədir və coğrafi baxımdan çox kiçik görünür,” - deyə o bildirib.
Səfir vurğulayıb ki, bu çatışmayan seqmentə investisiya qoyuluşu yalnız Azərbaycan və ya Ermənistan üçün deyil, bütün region ölkələri üçün son dərəcə vacibdir.
“Bu, Mərkəzi Asiya ölkələri üçün olduğu qədər, marşrut boyunca yerləşən Türkiyə üçün də önəmlidir. Həmçinin marşrutun iki son nöqtəsi – Şərqi Asiya və Avropa üçün də,” – deyə Horlemann əlavə edib.